Ölkə 19:07 10.03.2020

"Mədəniyyət" kanalında tətildə olan şagirdlərə teledərslər keçiriləcək

"Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start verilir.

Qaynarinfo xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin teledərslərlə bağlı layihəsini şərh edərkən deyib. O bildirib ki, dərslər martın 11-də başlayacaq:

"Həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini "Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəyik. Artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə həftədə 2 dəfə görüşəcəyik. İbtidai siniflərlərdə "Azərbaycan dili”, "Riyaziyyat”, "Həyat bilgisi”, "Təsviri incəsənət”, "Xarici dil”, 5-11-ci siniflərdə isə "Azərbaycan dili”, "Riyaziyyat”, "Xarici dil”, "Tarix”, "Coğrafiya”, "Kimya”, "Fizika”, "Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək”.

Kamran Əsədov onu da qeyd edib ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Bahar Rüstəmli