Aqşin YENİSEY
Ölkə 16:11 10.05.2021

Mədəniyyət – şeytanın təkamülü

 Aqşin Yenisey
 
İnsanı günahlandırmaq, cəzalandırmaq və öldürmək olar! Bu ideya bəşəri kültürdən (tanrıdan) gəlir, modern çağda bu bəşəri təcrübənin, sadəcə, forması dəyişib. 

Umberto Eko xristian dünyasında cadugərlərin yandırılmasını belə modern çağın başlanğıcına bağlayır. Guya, Orta əsrlərdə cadugərlər əllərini-qollarını sallaya-sallaya gəzirmişlər, modern çağın başlanğıcında inkivizisiya onları yandırmaq qərarına gəlir, ruhlarını şeytandan arındırmaq üçün. 

Halbuki ingilislər cadugərlikdə ittiham etdikləri Janna Darkı modern çağdan, ən azı, iki yüz il əvvəl tonqalda yandırmışdılar. 

Amerikalı filosof Ralf Emerson modern çağ haqqında belə deyir: "Modern dünya Faustdan sonrakı dünyadır”. Yəni şeytana təslim olmuş dünya. Getenin doktor Faustuna qədər Avropa aydını tanrı ilə mübahisə edirdi. Faust isə bu mübahisəyə son qoydu və qəlbini bütünlüklə Mefistofelin qılığına girmiş şeytana təslim etdi. Əslində, Frans Kafkanın öngörüsündə miskin həşərata çevrilən insanın metamorfozu Faustla başlayır.

Bəşəri kültürün bu yanaşmasından sonra elmi kültürü suçlamaq bir dəb halını aldı. Artıq rahat deyə bilərdik ki, prezident Ruzveltə atom bombası ideyasını verən Eynşteyn mənşə etibarilə, bir növ, on səkkiz, on doqquzuncu əsrin şeytanla dost olan doktor Faustundan "əmələ gəlib”. Yəni Eyşteyn də öz ruhunu atom bombası şəklində siyasətə satmışdı. Makiavelliyə görə, heç bir əxlaqi məsuliyyət daşımaq öhdəliyi olmayan bir peşəyə. Artıq bu bombanı kiminsə başına atmamaq üçün heç bir dünyəvi əngəl yox idi.   

Faust ağlının gücü ilə ruhundakı (xislətindəki) günahsız vəhşini oyatmışdı. Həzdən başqa bir duyğu tanımayan o qədim vəhşini. Faustdan sonra ondan ilhamlanan və "böyük ideyalar üçün kiçik insanları qurban vermək olar” deyən Napoleonu özünə ideal seçən Raskolnikov doğdu. Raskolnikovun arxasınca insanların arasında bir "yad” kimi vurnuxan, öz anasının ölümünə belə kədərlənə bilməyən Kamünün Mersosu peyda oldu. Daha sonra bu qəhrəmanlar gizlin-gizlin kitablardan həyata axışdılar, gerçək insanlara çevrildilər. 

2019-cu ilin martında Yeni Zelandiyada iki məscidə hücum edib, 50-yə yaxın müsəlmanı öldürən terrorist-psixopat Brenton Tarrantını, yəqin ki, xatırlayanlar var. O vaxt bu modern psixopat törətdiyi qətliam üçün radikal sağçı olan fransız yazıçıları Reno Kamünün və Erik Zemmurun kitablarından ilham aldığını söyləyib dünyanı şoka salmışdı.

Adam da kitab oxuyub adam öldürərmi? Öldürər. Russonun kitablarından Robespyer çıxmışdı, Nitşenin kitablarından Hitler. Biri bərabərsizliyin qisasını aldı insanlardan, o biri bərabərliyin. İdeallaşdırılmış, müqəddəsləşdirilmiş hər bir  mənəvi dəyər zaman keçdikcə mutasiyaya uğrayaraq yırtıcıya çevrilir və öz qurbanlarını tələb edir. Müqəddəsliyə gedən yol isə korların çiyinlərinden keçir həmişə. 

Faustlar, raskolnikovlar, mersolar Ortaçağ cadugərlərinin, xaça tüpürən şeytan Robinetlərin, yəni daima lənətlənənlərin, təhqir olunanların reinkarnasiyası idilər, onlardan da modern çağın psixopat-terrorçu Brenton Tarrantları yarandı. Günah hissi üzərində hakimiyyət qazanmış modern kaliqulalar. 

Bu modern kaliqulalar nə istəyirlər? Onlar Faust kimi hər cür həzzin dadına baxmaq istəyirlər. Onlar Raskolnikov kimi kiçik insanların canı bahasına özlərinin "böyük həqiqətlərini” gerçəkləşdirmək istəyirlər. Onlar cənab Merso kimi ölümlə nihilistcəsinə əylənilər. İnsan başdan belə yaradılıb; nəfsi olan, həzz duyğusu olan bir canlı kimi. İstət tanrı olsun, istər təbiət, ona nəfsini doyurmaq və həzz almaq üçün bir yol göstərib: hücum etmək! O, xoşbəxt olmaq üçün bütün ömrünü hücumda keçirməlidir. O, ibadət edəndə belə daha uzaq hədəflərə hücum vəziyyətindədir. Onun ibadəti cənnətə, orada şərab axan çaylara, vəd olunan seksual azadlıqlara, tənbəl və asudə yaşayacağı mistik bir təbiət qoynuna hücum hazırlığıdır.

Sonu hansı olacaq? Tövbəmi? Vicdan əzabımı? Edammı? Ya da milyon tirajlarla satılacaq səfeh bir kitabmı?

Sonu nə olursa-olsun, insanlıq qayıdıb keçmişə baxarsa, orada alınmamış qisaslar yalvarışını, yaşanmamış həzlərin naləsini, azğın orgiyaların iyrənc çığırtılarını eşidəcək…