Ramin Hacılı
Siyasət 11:08 08.07.2019

Mədət Quliyevin DTX-dan getməsinə niyə sevindim?

Bir videonun sədası...

 
Bir sakit video hazırladım və Orduxan Teymurxana dostca dedim ki, "məndən başqası yalandı”, "bu xalqın lideri, ziyalısı, qəhrəmanı yoxdu”, "bu millət cəsarətsizdi”… kimi fikirlər aşılamaq ziyanlıdı. Bununla vətəndaşlarda özünə inam hissi ölür, özgüvən yoxa çıxır və s…

Bir qarın çörək üçün gecə-gündüz əziyyət çəkən sadə insan baxır ki, bir nəfər rahat yerdə konformist həyat sürə-sürə, təhlükəsiz mühitdə mübariz obraz yaradır, onlar isə hər ehtiyatsız sözə görə cəzalana bilər. Üstəlik belə bir mənzərə; "təhsil alma, oxuma, təcrübə qazanma, ideya vermə, düşünmə, məsuliyyət hissin olmasın, elə bircə telefonu götür əlinə, ağzına gələni danış, ol qəhrəman-i məşhur”. Bu da çox zərərli trenddir. Belədə sadə insan üz tütüb Qərb ölkələrinə yaxşı yaşamaq, özünü ifadə etməkdən savayı heç bir impuls almır, başqa yol haqda, ölkəsinə fayda vermək barədə düşünmür.
Bir yaxın tanıdığım duyarlı insan vardı. Uzaqdan hər gün yayın edib Azərbaycan xalqına necə rəzil vəziyyətdə yaşadığını deyənləri izləyə-izləyə ürəyi partlayıb öldü. Ya da belə olur. 

Xalq onsuz da uzaqlardan sadaladığınız şeyləri burda canlı yaşayır. Bu ölkədə yaşayır. Nəyin nə olduğunu yaşayaraq bilir. Hər gün, hər fürsətdə ona "sən pis gündəsən” fikri aşılamaq onun əsəblərini, sağlığını alt-üst etməkdi, insanları aqressivləşdirib bir-birinə qəzəb tökmələrinə çalışmaqdı, özünə inamını məhv etməkdi.

Başqa hansı məqsədə qulluq edir bu tip çıxışlar? Ordan bura inqilab edəcəksiz? İnqilab etmək istəyən xalq kiminsə sözünü gözləmir. Bu sadə həqiqəti bilmirsizsə, Lev Qumilyovu, Qustav Le Bonu oxuyun heç olmasa. 

Bəs həqiqi məqsəd nədi? Rusiya kəşfiyyat orqanlarının tapşırığı ilə təzyiq etmək?

İnsanlar bir gün aldadıldığını öyrənəcək, görəcək zatən. O gün gec ola bilər və Rusiya öz istədiyini edə bilər. 

Düzdü, nəyin baş verdiyini görənlər, anlayanlar da çoxalıb. Lakin söyüşlərlə, böhtanlarla çirklənməmək üçün susurlar.
Öz eqonu vətənin mənafeyindən aşağı tutub, gec olmadan ifşa etməyi özünə borc bilməyin zamanıdı. 

Video çıxışımda - fədakar hesab etdiyim bir neçə insanın adını çəkib, onların təhsilinin, mübarizəsinin, məhrumiyyətlərinin, zəkasının və liderlik keyfiyyətlərinin üstündən xətt çəkməyin haqsızlıq olmasını da qeyd etmişdim.

Və nə gördüm? Normal polemika gözlədiyim halda bir qrup insan fikirlərimi və arqumentlərimi kənara qoyub şəxsimə söyüş, təhqir, ittiham, böhtan dolu hücuma keçdi. Dəqiqləşdirdim və məlum oldu ki, öz aralarında apardıqları müzakirə zamanı Orduxan bəy çevrəsinə deyib ki, Ramin Hacılı DTX-nın agentidi, Mədət Quliyevə bağlıdı. 

Orduxan Teymurxanın sözlərini səhih hədis hesab edənlər də bu böhtan çamurunu atmağa başladı. Heç birinə təhqirlə cavab vermədim. Söyüşü də, təhqiri də hamımız bilirik. Sən başqa bir ölkədən söyüş yazanda rahatsan. Çünki ağıl, savad, güc istifadə etmirsən, uzaqdasan və qarşılaşmağımızın çətin məsələ olduğunu bilirsən. 

Sadə insanlara söyüş yazdırıb arxada duran, hərdən "like” edib öz aləmində "kayf” tutan idmançı yoldaş! Elçibəy kimi şəxsiyyətə "keçibəy” deyən xislətləri görə-görə böyümüşük biz. Bundan o tərəfi olmur, öyrəncəliyik. DTX ilə işləsəm, bunu gizlətmərəm. Bizim kitabımızda gizli xidmət yoxdu. Hər halda rus kəşfiyyatına işləməkdən ayıb olmaz öz dövlətinin qurumu ilə işbirliyi…

Əslində, Mədət Quliyev vəzifəsindən getməsəydi, bu yazını yazmazdım. Görüm indi nə deyəcəksiz?! 

Görüm indi naqanlarını hansı böhtanla dolduracaq qəhrəmanınız?! 

Yazacağım söyüşsüz həqiqətləri düşünməniz vacibdi. Müslim Mələkutin vardı, azərbaycanlı müctəhid. İnsanları savaşa, inqilaba səsləyənləri sarkazmla belə təqdim etmişdi: Bunlar deyir "gəlin yığışaq, gedin muharibəyə!”. 

Oxumuş adamlar bilir ki, xüsusi xidmət orqanları əməkdaşlığa cəlb edərək ələ aldıqları adam haqda əzilən obraz yaradaraq insanları onun ətrafında birləşdirib müdafəsini təşkil edir. Bu klassik variantdan hələ də əl çəkmir 82 yaşlı KQB. Başqa bir üsulu da bir potensialsız "qəhrəman”ı ortaya çıxarıb onunla əməkdaşlıq edənləri müəyyənləşdirmək, daxili düşmənləri çıxdaş etməkdi. Eyforiyaya düşmüş primitiv dövlət məmurları faktları həmin şəxsə ötürərək özünü ifşa edir. Bu halda ya ümumi sistemdən çıxdaş olur, ya da hansısa ölkənin xüsusi xidmət orqanının maşasına çevrilir. 

Ən ciddi suallardan biri də budur: Prezidentin qalacağı otelin məxfi saxlanıldığını hamı bilir. Bu məlumatı ancaq xüsusi xidmətdən almaq mümkündü. Və təhlükəsizlik qarantın olmasa, gedib orada şou düzəldə bilməzsən. Bu şounu - informasiya mənbəyini dəqiq bilməyən rasional siyasətçilər dəstəklənməz. Otelin ünvanını kim diqtə etmişdi, cənab Teymurxana?

Demək olar bütün çıxışlarında Qərbi, Avropanı, ABŞ-ı, Türkiyəni yerli-yersiz vurması, onları mənfəətçi adlandırması təkcə məndəmi ORT təəssüratı yaradır, xanımlar və cənablar? Yoxsa başqaları da bu çox tanış ssenarini görə bilir? 

Barəsində söz açdığım videodan nəticə çıxarmadınız, heç olmasa, bunu diqqətlə oxuyub beyniaçıqlıq edin, düşünün, analiz edin, əziz soydaşlarım. 
Əmin olun ki, mənim Orduxan kimi bir dərdim yoxdu, olmayıb da. Bütün hakimiyyət mediası və mirzələri onu topa tutanda susurdum. Çün onlarla eyni cərgədə görünmək istəmirdim. 

İndi, məhz hücumların kəsildiyi zamanda baş verən tendensiyanın və obrazın gətirdiyi nihilist əhvalın yaratdığı narahatlığı dilə gətirirəm. 
Ayıq başla baxmağı təklif edirəm. Konfutsi deyir ki, düşünmədən oxumaq faydasız, oxumadan düşünmək təhlükəlidi. Buna gərə də təhsilsiz insanın siyasətlə məşğul olması təhlükəlidi, söyüş ritorikası ümumi mübarizəyə kölgə salır, aqressiya insanları uçuruma aparır deyirəm. Orduxanları yaradanlar, fəaliyyətlərini stimullaşdıranlar cəmiyyətləri düşünmək, oxumaq ehtirasından, sivil mübarizə metodlarından məhrum etmək istəyənlərdir. Əgər bu fikirlərə normal polemika ilə yox, söyüş və aqressiya ilə cavab verilirsə, demək, səmimiyyət yox, sifarişli qərəzlilik mövcuddur. Məşhur bir deyim var: "Bütün hökumətlər gəldi gedərdi. Dövlət isə əbədi". 

Əgər bizə sırınan "mübariz" obrazların arxasında dayanan həqiqi səbəbi görürüksə, gərək susmayaq. 

Sayğılarla, Ramin Hacılı

Haqqında bəhs etdiyim video müraciətim: