Xəbər lenti

Məhkəmələrdə kadr islahatları başlayır – Rəsmi açıqlama
Ölkə 20:30 22.07.2019

Məhkəmələrdə kadr islahatları başlayır – Rəsmi açıqlama

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, yeni ictimai münasibətlər yaranır, mövcud olanlar isə keyfiyyətcə yeni xarakter alır. İctimai həyatda münasibətlərin yenilənməsi onların ədalətli, səmərəli və çevik tənzimlənməsi üçün müvafiq hüquqi norma və mexanizmlərin təkmilləşdirilməsini zəruri edir”. 

Qaynarinfo xəbər verir ki, bunu Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərtac-a açıqlamasında deyib.

O, bildirib ki, Prezident cari ilin mart ayında məhkəmə-hüquq islahatlarına ciddi ehtiyac olduğunu bəyan edərək onların yeni mərhələsinin başlanmasına təkan verib. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı isə bu prosesin əsas istiqamət və prioritetlərini müəyyən edib.

Fərmanda verilmiş tapşırıq və tövsiyələrin həyata keçirilməsi məqsədilə intensiv iş aparılıb, statistik məlumatlar təhlil edilərək ümumiləşdirilib, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilib. 

"İslahatların Fərmanda nəzərdə tutulan digər komponentləri, yəni, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı növbəti normativ hüquqi aktlar üzərində hazırda hərtərəfli iş aparılır, habelə praktiki sahədə verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İmzalanan normativ hüquqi aktlar paketinə "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar, habelə həmin qanunların tətbiqini təmin edən müvafiq sərəncam və fərmanlar daxildir”.

F. Ələsgərov deyib ki, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır. Qeyd edilən qanunlar qüvvəyə mindiyi gündən, yəni, 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcək.

Hazırda fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr sistemi yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, artıq öz missiyasını başa çatdırmış hesab edilə bilər. Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir.

İkili, yəni, ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir”.

Şöbə müdiri qeyd edib ki, apellyasiya və kassasiya instansiya məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulub. Burada xüsusi vurğulamaq lazımdır ki, bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırki qaydada fəaliyyətlərini davam etdirəcəklər.

"Bundan əlavə, prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin digər bir istiqaməti işin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma prosedurlarının səmərəliliyinin artırılması və müddətlərinin qısaldılması ilə bağlıdır.

Hazırda işin inzibati-iqtisadi və ya rayon (şəhər) məhkəməsinə aid olmasına dair mübahisələrə ardıcıl olaraq üç instansiyada – birinci, apellyasiya və kassasiya instansiyalarında baxılır.

Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurunun sadələşdirilməsi üçün belə mübahisələrə baxan instansiyaların sayının azaldılması nəzərdə tutulmuşdur. Yeni qanunla müəyyən edilmişdir ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaqdır.

Ali Məhkəmədə bu kateqoriyadan olan şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında baxılacaqdır. Belə şikayətlərə baxılması üçün nəzərdə tutulmuş müddət də 2 aydan 10 günədək qısaldılır. Nəticədə aidiyyətlə bağlı mübahisələrə baxılmasında yubatma və süründürməçilik, heç bir zərurət olmadan aidiyyətlə bağlı çoxsaylı şikayətlərin verilməsi hallarının qarşısı alınacaqdır.

Nəzərdə tutulan dəyişikliklər bir tərəfdən məhkəmə kollegiyaları strukturunun optimallaşdırılmasına, digər tərəfdən isə istər cinayət işləri, istərsə də aidiyyətlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına səbəb olacaqdır.

Ümumilikdə, qeyd edə bilərik ki, qəbul olunmuş qanunvericilik aktları paketi məhkəmə-hüquq islahatlarının hazırki mərhələsində aşağıdakı məqsədlərə nail olunmasına şərait yaradacaqdır:

-ayrıca inzibati və kommersiya məhkəmələri sistemlərinin yaradılması yolu ilə məhkəmələrdə ixtisaslaşmanın dərinləşdirilməsi;

-inzibati, kommersiya və rayon (şəhər) məhkəmələri arasında iş yükünün balanslaşdırılması;

-məhkəmə quruluşunun optimallaşdırılması;

-məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurlarının sadələşdirilməsi və müddətlərinin qısaldılması;

-məhkəmə aidiyyətinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əlavə mexanizmlərin təsbit edilməsi.

Sonda bir daha vurğulanmalıdır ki, hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir.

Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırması üçün yeni mexanizmlərin təsbit edilməsi, məhkəmə ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı müddəaların, habelə məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının layihələri daxil olacaqdır. Həmçinin məhkəmə, cinayət təqibi və məhkəmə qərarlarının icrası orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən "Elektron məhkəmə”, "Elektron icra” sistemlərinin tətbiqinin genişləndirilməsinə yönəlmiş qanunvericilik və praktiki tədbirlər həyata keçiriləcəkdir.

Eyni zamanda, yeni məhkəmələrin yaradılması, apellyasiya və kassasiya instansiyası məhkəmələrində kollegiyaların tərkibinin dəyişməsi ilə bağlı müvafiq kadr islahatları da aparılacaqdır. 

Yeni hakim vəzifələrinə namizədlərin seçilməsi prosesi zamanı onların peşəkarlıq səviyyəsi qiymətləndiriləcək, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetiriləcəkdir. Bu isə dövrün tələbləri ilə ayaqlaşan hüquqşünasların hazırlanması üzrə işin gücləndirilməsini şərtləndirir, o cümlədən hüquq təhsili qarşısında yeni tələblər qoyur”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->