Ölkə 15:29 09.09.2017

«Məhkəməsiz əmlak müsadirə etmək «26 Bakı Komissarı»nın tutduğu yoldur»

Xəbər verdiyimiz kimi, dünən Bakının Səbail rayonu ərazisindəki “Sahil bağı”nın (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə bağlanılıb. Kafenin bağlanması birbaşa Hacıbala Abutalıbov və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun müşayəti ilə həyata keçirilib. Kafe sahibi polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Kafenin bağlanmasına səbəb kimi iaşə obyektinin "26 Bakı Komissarı"na ithaf edilərək adının "26" qoyulması göstərilib. Halbuki, Azərbaycanın 26 ildir müstəqillik qazanmasına rəğmən hələ də Bakının Sabunçu rayonunda "26 Bakı komissarı" küçəsi fəaliyyət göstərir. 26 ildir bu küçənin adını dəyişməyi yada salmayan Bakı meriası heç bir məhkəmə qərarı olmadan vətəndaşın obyektini bağlayır və əmlakını müsadirə edir.


Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir. Konsitusiyada da göstərilir ki, mülkiyyət toxunulmazdır. Dövləti idarə edən məmurların məhkəmə qərarı olmadan vətəndaşın əmlakını əlindən almaq səlahiyyəti yoxdur. Əksinə məmur vətəndaşın əmlakını qorumalı, onun daha rahat şəkildə fəaliyyət göstərməsinə təminat verməyə borcludur.

Prosesi "Qaynarinfo"ya şərh edən ekspert Azər Mehdiyev bildirir ki, ticarət obyektinin Bakı merinin göstərişi və iştirakı ilə bağlanması yolverilməzdir:


"Əvvəla diqqət yetirirsinizsə Azərbaycanda son zamanlar investisiya qoyulmasına ehtiyac var. Sahibkarlıq mühitinin yaxşılaşdırılması haqqında çoxsaylı qərarlar verilib, hətta prezident dəfələrlə çıxışlarında deyib ki, dövlət məmurlarının sahibkarların fəaliyyətinə hər hansısa bir müdaxiləsi yolverilməzdir. Rayon İcra Hakimiyyəti başçıları həmin əraziyə investisiya cəlb edilməsinə məsuliyyət daşımalı və hesabatlarında bunu əks etdirməlidirlər. Belə bir dövrdə şəhər İcra Hakimiyyəti başçısının özünün gəlib şifahi göstərişi ilə, heç bir əsaslandırma olmadan hər hansısa bir sahibkarlıq obyektini bu şəkildə ləğv etməsi təbii ki, yolverilməzdir. Ən pisi də odur ibarətdir ki, onun yanında eyni zamanda qanunu qoruyan, qanunlara əməl olunmasına görə məsuliyyət daşıyan şəhər polis idarəsinin rəis müavini, general rütbəli bir şəxs də olub. Bu, ölkədə sahibkarlığın inkişafına çox böyük əngəllərin mövcudluğunu göstərir. Qanuna hörmət edilməyən bir yerdə isə sahibkarlıq inkişaf edə bilməz. Nəinki belə, hər hansısa bir müdaxilə yolverilməzdir".


Ekspert bildirib ki, bu kimi hallarda qərarı məhkəmə verməlidir: 

"Əgər hansısa bir irad varsa, bu ya sahibkarın özünə deyilməli, ya da məhkəməyə müraciət edilməlidir və bütün proseslər də məhkəmə yolu ilə baş verməlidir. Ancaq indi nəyin baş verdiyi məlum deyil. Çünki obyektin adı sadəcə "26" olub və onun hansısa başqa bir bağlılığı olmayıb, hətta bağlılığı olsa belə qanunun müəyyənləşdirdiyi prosedurlar var. Yəni bu baxımdan nəinki həmin şəxsin həbs olunması, hətta həmin obyektə hər hansısa müdaxilə yolverilməzdir". 

Ekspert Fərhad Mehdiyev də kafenin bu şəkildə bağlanmasını qanunsuzluq adlandırıb: 


"Bu, olduqca qanunsuz bir əməliyyatdır. Burda nə inzibati xəta, nə də cinayət əməli var. Belə şübhəli hallarda mütləq və mütləq inzibati orqan məhkəməyə müraciət etməlidir. Amma bir məsələni də qeyd etmək istəyirəm ki, bu cür kafe və ya restoranlarda xüsusi bir mövzu olur. Dünyanın müxtəlif ölkələrində bu belədir. Yəni heç bir ciddi niyyət güdülmədən müxtəlif mövzulu restoranlar açılır. Məsələn, "Meksika" adlı restoran var ki, orada adi əşyalardan tutmuş, xadimələrin geyimlərinə qədər hər şey Meksika ənənələrinə uyğun şəkildədir. Belə restoranlara ən parlaq misal Ukraynanın Lvov şəhəridir. Orada müxtəlif mövzulu, məsələn, mozaxistlərə, faşistlərə, yəhudilərə, kommunistlərə aid kafe və restoranlar var. Təbii ki, burada xüsusi bir məqsəd güdülmür, həmin restoranlar zarafat xarakteri daşıyır və bütün bunlar müştərini cəlb etmə xüsusiyyətini özündə daşıyır. Demokratik ölkələrdə dözümlülük olmalıdır. Düzdür, mən inanmıram ki, "26" adı hansısa birinin yaşına görə qoyulub. Onun keçmiş "26 Bakı komissarı" parkınının yanında yerləşməsi məhz həmin mənanı daşıyır. Həmçinin həmin kafenin rəsmi ünvanı "Xaqani küçəsi 26" gedir. Lakin burada zorakılığa, iğtişaşa çağırış yoxdur, orada Azərbaycan xalqına qarşı hər hansısa bir hörmətsizlik edilmir. Belə olduğu halda kafeyə hücum çəkib, məhkəmə qərarı olmadan bağlamaq, əmlakını müsadirə etmək yolverilməzdir. Bakı meri bu məsələyə ona görə belə reaksiya verib ki, çünki xəbər televiziyada yayımlanıb. Bizdə efirə çıxan məsələlərə bəzən dövlət orqanları çox həssas yanaşır. Sizi inandırıram ki, onlar bu addımı heç bir hüquqşünasla məsləhətləşmədən atıblar. 


Ekspert bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin addımı "26 Bakı komissarı"nın tutduğu yolu xatırladır: 

"Ona qalsa Səməd Vurğunun adı verilmiş küçələrimiz də var və bilirik ki, Səməd Vurğunun yaradıcılığında "26 Bakı Komissarı"nı vəsf edən şeirlər mövcuddur. Belə çıxır ki, biz Səməd Vurğunu xalq düşməni elan etməliyik? Bu, tarixdə gəlib-keçmiş bir hadisədir. Biz "26 Bakı Komissar"ına hüquqi qiymətimizi çoxdan vermişik. Onlar Şura hökuməti adından camaatın mal-mülkünü müsadirə edib və qolçomaq adı ilə güllələyiblər. Bu, avtoritar siyasi yanaşma idi. Amma indi biz onların metodlarından istifadə edə bilmərik axı... Yəni məhkəmə qərarı olmadan insanların əmlakını müsadirə etmək "26 Bakı Komissarı"nın tutduğu yoldur. Biz onları pisləyib, onların yolu ilə gedə bilmərik. Mədəni hüququn qaydaları nədirsə, bu məsələ o şəkildə ortaya qoyulub araşdırılmalı idi. Əgər hüquqi proses getsəydi, vəziyyət bu yerə gəlib çıxmazdı. Ola bilsin ki, həmin sahibkar 26-nın qarşısına 1 əlavə edərdi və heç bir məsuliyyətə girmədən "126" adı ilə "26" məsələsini aradan qaldırmış olardı. Ümumiyyətlə isə məsələyə bu qədər ciddi yanaşmaq lazım deyildi. Əgər oraya "26-lar"ı dəstəkləyən insanlar toplaşıb, orada görüşlər keçirilirdisə, o zaman hüquq-mühafizə orqanları bunu araşdırıb qiymət verməlidir. Belə hal yoxdursa, kafe bu şəkildə bağlana bilməzdi. Bakıda "26 Bakı Komissarı" adlı küçə də var. Küçə adını dövlət qoyur və dəyişdirilə bilər. Amma vətəndaşın davranışlarına ictimai qaydanı pozmadığı müddətcə dözümlü yanaşılmalıdır".


Bakıda "26" adlı kafe, restoran və digər ticarət obyekti açmaqla bağlı hər hansı qadağa varmı?

Bu sualla Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırova müraciət etdik. Qurum rəsmisi Bakıda "26" adlı kafe və ya restoranın açılmasının qeyri-qanuni olmadığını, lakin bir jurnalist kimi bunun əleyhinə olduğunu bildirdi: 


"Mən bilən bu, qadağan deyil. Amma istər-istməz bu obyektin "26 Bakı Komissarı" ilə əlaqədar olub-olmaması ilə bağlı suallar yaranacaq. Heç kim adı qadağan etmir, amma yəqin ki, bu sual orada ortalığa çıxacaq. Bu ada icazə verilsə, ilk növbədə səndən soruşacaqlar ki, "nə üçün "26"? Onda nə cavab verəcəksən? Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri kimi deyil, bir yazıçı və jurnalist kimi mövqeyimi soruşsanız, deyə bilərəm ki, mənim buna münasibətim mənfidir. Şəxsən mən olsaydım belə bir şeyə icazə verməzdim. Amma rəsmi dairələr buna hansı şəkildə icazə verərlər, ya verməzlər, dəqiq deyə bilmərəm".

Çingiz Səfərli

Qaynarinfo.Az