Xəbər lenti

Mehriban Əliyevanın ad günüdür
Ölkə 02:00 26.08.2013

Mehriban Əliyevanın ad günüdür

Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir. 

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.


Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1990-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.

Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir.

Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.

Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ iyulda yenidən bütün dünyadan olan çoxsaylı qonaqları növbəti Beynəlxalq Musiqi Festivalında qəbul edib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsərini latın qrafikasında yenidən nəşr etdirib, "Azərbaycan" kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının rus variantını hazırlayıb, "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabını buraxıb. Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası keçirilib.

Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fondun başqa ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilib.

Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

2012-ci il sentyabrın 18-də Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak ediblər.

Ertəsi gün Parisdə Heydər Əliyev Fondunun və Fransada Azərbaycanın səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva iştirak ediblər.

Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən əhəmiyyətli addımlardan biridir. Xüsusi əhəmiyyətə malik olan bu mədəni hadisə mədəniyyətlərarası dialoq platformasının aparıcı qüvvəsi kimi dünya gündəliyinə daxil olmuş Azərbaycanın ən yüksək səviyyədə populyarlaşmasına xidmət edir. Qədim və zəngin tarixə aid olan eksponatların ölkəmizin mədəniyyətini bir məkanda təqdim etdiyi mərkəz, həmçinin Parisin mədəni həyatında fəallığı ilə fərqlənən bu sahədə Azərbaycanın həyata keçirdiyi fəaliyyətin sübutu üçün geniş imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin bizim ölkəmizə hədsiz marağı təcəssüm etdirir.

Azərbaycanın mədəniyyətinin təbliği məqsədilə Fransanın regionlarında mədəniyyət tədbirlərinin keçirilməsinə başlanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yeni layihə həyata keçirilir. İlk belə tədbir oktyabrın 19-da Reymsdə baş tutub. O cümlədən, "Qafqazın incisi - Azərbaycanın mədəni dəyərləri" sərgisinin açılış mərasimi olub.

Sərgi həmçinin Fransanın Romoranten-Lantene, Miluz, Strasburq, La Poşel şəhərlərində də keçirildi.

Oktyabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin məşhur "Salle Pleyel" sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva iştirak edib.

İyulun 4-də Fransanın Kann şəhərində "Azərbaycan Kannda" mədəniyyət günlərinin rəsmi açılışı oldu.

Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etdi.

Fransanın şərqində ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kann şəhərində hər il beynəlxalq kinofestivalla yanaşı, Avropanın ən böyük sərgi və konfransları da təşkil olunur. Mədəniyyət günləri çərçivəsində Azərbaycan "Pirotexnika sənəti" (dArt Pyrotechnique) Kann festivalında ilk dəfə təmsil olunub. Azərbaycan caz musiqisi tarixi və müasir çalarlarda səslənib.

Mədəniyyət günlərində yerli sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər vasitəsilə də görmək imkanı olub. Bu sərgilər sırasında "Qız Qalası" və "Ceyranlar" sərgisi xüsusi maraq doğurub. Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının təbliği məqsədini daşıyan "Qız Qalası" sərgisində müxtəlif ölkələrin rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən kiçik maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Qafqaz incisi - Azərbaycanın mədəni dəyərləri" və Azərbaycanın müasir incəsənət nümunələrindən ibarət "Emosiyalar sərgisi" (Emotions Exhibition) isə Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin tanıdılması baxımından əhəmiyyət kəsb edib.

Xüsusi şounun müşayiəti ilə təqdim olunan "Milli mətbəx günü" Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla yadda qalıb. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı yaradıb. Sərgi çərçivəsində kinomuzun incilərindən olan "Arşın mal alan" filmi də təqdim edilib.

İyulun 18-də Azərbaycanın YUNESKO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə Parisdə qurumun baş qərargahında mərasim keçirilib.

Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin YUNESKO-ya təqdim olunması mərasimində iştirak etmişlər.

YUNESKO-nun baş qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcəkdir. Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılmışdır. Tədbir iştirakçılarına Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylanmışdır.

Noyabrın 15-də Romada Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Azərbaycan: mədəniyyət ruzigarı" adlı təntənəli mərasim keçirilib. Romanın "Auditorium Parco Della Musica" konsert və festivallar sarayında keçirilən "Azərbaycan: mədəniyyət ruzigarı" adlı təntənəli mərasim və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

2012-ci il noyabrın 14-də Vatikanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərgi açılıb. Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edib.

Martın 5-də Heydər Əliyev Fondunun, "Baku" jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin rəsmi açılışı olub.

Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşib. 55-ci beynəlxalq Venesiya Biennalesində 17 Azərbaycan rəssamının müasir təsviri sənət əsərinin təqdim edildiyi Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət sərgisi keçirilib.

Bu il mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Vyanada yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkənin xaricdə tanınması üçün növbəti mühüm addımlardan biridir. Yeni mədəniyyət ocağı bu sahədə işlərin gücləndirilməsi, onun vahid mərkəzdən idarə olunması və daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açır.

2012-ci ilin sentyabrında Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilən və 2012-ci ildə əsaslı təmir olunan, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adını daşıyan qız liseyinin açılış mərasimi keçirilib.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə böyük Azərbaycan yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin təntənəli açılış mərasimi olub.

Layihə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası ilə birgə həyata keçirilib.

Sentyabrın 15-də dünyanın aparıcı hərrac evi hesab olunan "Christies" Heydər Əliyev Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yenicə istifadəyə verilmiş "The Four Seasons Hotel"in möhtəşəm salonunda Azərbaycanda ilk sərgisini təşkil edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Sərgidə "Christies"in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunub. Həmin eksponatlar sırasına impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxil olub. Bu sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri yer alıb. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın yaratdığı ölməz sənət incisi də olub. Rəssamın həyat yoldaşı və itini təsvir etdiyi əsər "Qadın itlə" adlanır. Həmin əsərlə yanaşı, "Christies"in kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayiş edilib.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.

2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.

Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə "Qızıl Ürək" beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva "İlin qadını" fəxri adını alıb.

Ölkəmizin təhsil sisteminin inkişafında, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci Dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu Mehriban Əliyevanı "2005-ci ilin Adamı" elan edib.

Bu ilin fevralında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə "Türk mədəniyyətinin hamisi" adına layiq görülüb. Mehriban Əliyeva "Türküstan" qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən "Türk dünyasına xidmət - 2012" rəy sorğusunun nəticələrinə görə, bu mükafata layiq görülüb.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə Dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. 2012-ci ilin fevralında məlum oldu ki, 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Çempionatın Bakıda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində təşkil olunacağı güman edilir. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar.

2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib.

Bu il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin edilib.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasında Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda duran vəzifələrdən danışaraq deyib: "Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir".

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 2013-cü il iyunun 7-də keçirilən hakim Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın Sədr müavini seçilib.

Bu il mayın 7-də Milli Məclis Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təqdim edilən Amnistiya aktını qəbul etdi. Amnistiya aktı təxminən 9 min şəxsə şamil edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri legionun böyük xaç komandoru" ordeni ilə təltif edilib.

Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30 iyul 2010-cu il tarixində bu təşkilatın "Motsart medalı"na layiq görülüb.

2 iyun 2011-ci ildə xanım Əliyeva qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlara, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

24 iyun 2011-ci il tarixdə Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) "Birliyin Ulduzları" mükafatı ilə təltif edilib.

2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun "Prix de la Foundation" mükafatına layiq görülüb. Forumun bu ali mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət qazanan şəxslərə təqdim edilir.

Heydər Əliyev Fondu Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycan bu müsabiqədə cəmi beş dəfə iştirak edib və ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. 2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar "Eurovision 2011"in qalibi oldular. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva 2012-ci ilin mayında Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri təyin edildi.

Azərbaycan qarşıya qoyulan vəzifələrin öhdəsindən şərəflə gəldi. Ən qısa müddətdə Bakıda xüsusi olaraq "Eurovision 2012" mahnı müsabiqəsi üçün Dövlət Bayrağı Meydanının yaxınlığında 23 min tamaşaçı tutumuna malik möhtəşəm konsert kompleksi olan "Bakı Kristal Zalı" ucaldıldı. 57-ci "Eurovision" mahnı müsabiqəsi ölkədə yüksək səviyyədə təşkil edildi və bu fakt hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bakıda keçirilən "Eurovision" müsabiqəsi təkcə şəhərimizin zəngin mədəniyyətinin, gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanların yaradılması baxımından deyil, həm də Azərbaycanın qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli tədbir oldu. /Trend/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->