Ölkə 15:39 08.04.2020

Mehriban Zeynalova müəllimindən hamilə qalan məktəbli haqda: “İlk baxışdan...”

Lerik rayonunda müəllimindən 5 aylıq hamilə qalan məktəbli artıq sığınacaqdadır.

Bu barədə Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya" Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, qız ona ilk baxışdan normal təsir bağışlayıb:

"Qız artıq yanımdadır. Çox çətinliklə yol gəlib. Mənə ilk baxışdan normal təsir bağışladı. Yəni, deyildiyi kimi zəif deyil. Mən onda heç bir zəiflik görmürəm. Normal, inkişafı yaxşı gedən bir qızdır. Bundan əlavə hamiləliyin inkişafı da əla gedir".

Qeyd edək ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq ki, Lerik rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdinin 59 yaşlı rus dili müəllimdən hamilə qalması haqda xəbəri ilk dəfə Qaynarinfo.az gündəmə gətirib.
 
Bahar Rüstəmli