Sentyabrın 15-dən yeni tədris ili başlayır. Daha çox 1-ci sinfə qəbul olunan uşaqları valideynlər poliklinikalarda tibbi baxışdan keçirib sağlamlıq haqqında rəy alırlar.
Amma təkcə birincilər yox, digər sinif şagirdləri də xüsusi olaraq məktəb öncəsi bəzi müayinələrdən keçsələr, həm valideynlərin ürəyi rahat olar, həm uşağın sağlamlığı yerində olar, həm də digər uşaqlara təhlükə şəraiti yaranmaz.
Unikal.org medicina.az-a istinadənməktəbə gedəcək uşağın fərdi olaraq, yaxşı olar ki, pediatr təyinatı ilə klinikada keçməli olduğu müayinələrin siyahısını təqdim edir:
-Qanın ümumi analizi - orqanizmdə iltihabi prosesin olub-olmaması, qan azlığı və s. problemlər dəqiqləşməlidir. Anemiyası olan uşaq dərs rejimində daha da zəifləyəcək.
-Nəcisin -sidiyin ümumi analizi - qurd invaziyaları, bağırsaq problemləri və s. Bir şagirddə qurd olması digər uşaqları da təhlükə altında qoyur.
-Gözlərin tam müayinəsi - ötən illə bu il arasında fərq ola bilər. Əvvəl gözü normal olan uşaqda dəyişiklik baş verə bilər. Gözündə təzyiq, astiqmatizm, quruluq və digər problemlər olan uşaqlar dərsdən öncə müalicə olunmalıdırlar
-Allerqoloq və dermatoloq müayinəsi - Xüsusən uşağın dərisində, cinsiyyət orqanlarında, gizli və ya aşkar nahiyələrdə səpki, yara, qaşıntı, kəpək, hər hansı dəri xəstəliyi varsa, o uşaq müəyyən analizlərdən keçib müalicə olunmalıdır. Bəzi göbələk və dəri infeksiyaları parta arxasında, əşyalar və toxunma vasitəsilə ötürülə bilir.
-Ağciyərlərin müayinəsi, rentgen, flüoqrafiya, vərəm sınaqları - bir sinifdə vərəmə meyilli və ya artıq vərəm olan uşağın olması bütün sinif üçün böyük təhlükəlidir. Hər bir valideyn övladı kimi digərlərini də düşünməlidir. Sinifdə öskürən, halsız, tərləyən, həddən artıq zəif uşaqlar pedaqoqun da fikrindən yayınmamalıdır.
Əgər valideyn səhlənkarlıq edib, övladının vərəm, hepatit, hər hansı keçici infeksiyalı olub-olmamasını yoxlamırsa, o zaman pedaqoqlar, sinif rəhbərləri uşaqların zahiri əlamətlərinə diqqət yetirib, vaxdında çox problemləri aşkarlayıb sahə həkimi, poliklinika və məktəb rəhbərliyini xəbərdar etməlidir.
Şərhlər