Məktəbli qızın intihar cəhdi: iş başlanıb, məktəb susur, valideyn ittiham edir...

Məktəbli qızın intihar cəhdi: iş başlanıb, məktəb susur, valideyn ittiham edir...

 
Bakıda daha bir məktəbli yeniyetmə intihara cəhd edib. Bu, paytaxtın Nizami rayonunda yerləşən 109 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Firuzədir (ad şərtidir). 
 
Mətbuatda və sosial şəbəkələrdə yayılan ilkin məlumatda bildirilir ki, onun bu cəhdinin səbəbi uzun müddətdir məktəbin Nigar və Bahar adlı müəllimləri tərəfindən təzyiqə məruz qalmasıdır (cia.az). 
 
 
Baş vermiş hadisə ilə bağlı məktəb rəhbərliyi Lent.az-a bildirib ki, 30 aprel  tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: "Evə təcili tibbi yardım çağırılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq psixoloji yardım göstərilib.

Qeyd edək ki, hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”.
 
Kliniki Tibbi Mərkəzin  (Semaşko) Toksikologiya Şöbəsindən isə Lent.az-a bildirilib ki, Firuzə adlı şagird hazırda xəstəxanada deyil: "Həmin uşaq aprelin 30-da xəstəxanaya gətirilmişdi. Müalicədən sonra mayın 4-də evinə buraxıldı. Vəziyyəti yaxşı idi”.
 
Xəstəxanadan Fatimənin komada qalıb-qalmamsı ilə bağlı açıqlama verilmədi. 
 
109 nömrəli məktəbin V sinif şagirdi Firuzənin atası Şamxal Əliyev də ONA-ya açıqlamasında övladının məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd etiyini təsdiqləyib: "Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.
 
Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: "Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”.
 
Ş.Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb: "Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar. Bu hadisə qızıma təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”.  
 
Atası hazırda övladının məktəbə getmədiyini bildirib.
 
Lent.az-ın əməkdaşları adı keçən məktəbdə olub, hadisə ilə bağlı öyrənməyə çalışıblar. Məktəbin qarşısında toplanan valideynlərdən Firuzə hadisəsini eşidib-eşitmədiklərini soruşuruq.
 
Valideynlər bir-birləri ilə ani baxışmadan sonra sanki sözləşmiş kimi tanımadıqlarını deyirlər: "Bizim məktəb çox yaxşıdır. Bir dənədir məktəbimiz. Kimin uşağı problem yaşayırsa, getsin kökünü evində axtarsın”-deyə, valideynlərdən biri öz fikrini bildirir.
 
Söhbətin bu yerində bizi dinləyən iki yeniyetmədən biri əlini yanındakı şagirdə uzadıb: "Bu, Firuzəni tanıyır. Paralel oxuyurlar”-deyir. Firuzənin müəllimlərlə problem yaşayıb-yaşamadığını soruşuruq. Uşaq ağzını açıb danışmaq istəsə də, valideyn him-cimlə sakit durmasını istəyir. Uşaq çarəsiz başını bulayır.
 
Məktəbin içinə daxil olanda isə başını stolun üstünə qoyub mürgüləyən mühafizəçi maraqla bizi süzür. Məktəbdən səlahiyyətli biri ilə danışmaq istədiyimi deyirəm. Firuzə adını eşidən kimi sözümü bitirməmiş onun ümumiyyətlə məktəbə gəlmədiyini deyir. Xanımın hadisə ilə bağlı məlumatlandırıldığı məlum idi: "O qız heç məktəbə gəlmir. İndi burada Ağdam məktəbinin dərsi başlayıb. Firuzənin sinfi səhərlər oxuyur”.
 
Mühafizəçi xanım uzun müddət kiminləsə telefonla danışdıqdan sonra bizə qısa bir cavab verdi: "Deyirlər ki, Bakı Baş Təhsil İdarəsi ilə əlaqə saxlasınlar”...
XƏBƏRLƏR
BLOGLAR