Xəbər lenti

Məmurlar müasir texnologiyanı niyə mənimsəmirlər?
Ölkə 21:27 15.05.2019

Məmurlar müasir texnologiyanı niyə mənimsəmirlər?

Politoloq: "Bu problem ümummilli məsələ səviyyəsinə qaldırılmalıdır”

İstanbul bələdiyyə başçılığına AKP-nin namizədi Binəli Yıldırım kompüterin "mışka”sını (mouse) tutması Türkiyə ictimaiyyəti tərəfindən sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, yayılan videonu şərh edən istifadəçilər iddia ediblər ki, Binəli Yıldırım kompüterdən istifadə edə bilmir.

Azərbaycanda da müasir texnologiyadan anlayışı olmayıb, hətta ağıllı telefonlarla mesaj belə yaza bilməyən məmurlar var. Son zamanlar ölkədə aparılan kadr islahatları fonunda bu məmurlardan bir qismi gənc kadrlarla əvəz olunub. Lakin yenə də müxtəlif idarə və qurumlarda kompüterdən istifadəni bacarmayan kadrlar qalmaqdadır.

Ekspertlər bildirirlər ki, müasir dövrdə məmurlar müasir texnologiyanı bilmirsə, idarəçilikdə müəyyən problemlər yaranır. Çünki hazırda əksər qurumlar elektron hökumət formatına keçir. Texnologiyadan anlayışın zəif olması isə bu prosesi də ləngidir.

"Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, müasir texnologiyanı bilmək, dünyanın hər yerində çox vacibdir: "Dünyanın əksər yerində kağızdan imtinaya keçiblər. Yəni hər şey elektron formada, kompüterdə olmalıdır. Bizdə də "ASAN xidmət” ən mütərəqqi strukturlardan biridir və orada lazımı sənədlər elektron qaydada tərtib edilə bilir. Lakin Azərbaycanda digər bütün sahələrdə demək olar ki, mütərəqqi texnologiyalardan istifadə edilmir. Əslində kompüter texnologiyasına heç mütərəqqi də demək olmaz. Buna baxmayaraq, bizdə kompüterdən də istifadə lazımı səviyyədə deyil.  Baxmayaraq ki, MDB dövlətləri içərisində elektron hökumətin ilk modeli Azərbaycanda qurulub. Təxminən 15 il bundan öncə Azərbaycanın kəndlərinə qədər hər yerdə kompüterdən, internetdən istifadə olunub. Yerlərdəki idarələr tərəfindən məlumatlar mərkəzə göndərilir və lazımı qaydada təhlil olunur, müvafiq şəxslərə göndərilir. Hər gün bu sistem fəaliyyətədir. Lakin bütün bunlara baxmayaraq, görürük ki, rayonlardan, yerlərdən əhalinin şikayətlərinin sayı artmayıb. Demək, elektron hökumət sadəcə olaraq məlumatlandırma mərhələsindədir. Yəni sıravi əhalinin problemlərinin həll edilməsi mərhələsinə hələ də keçilməyib. Əgər keçilmiş olsaydı, rayon icra hakimiyyətlərində çox problemlərin qarşısı vaxtında alınardı. Eləcə də başqa sahələrdə də vəziyyət oxşardır”.

Politoloq söyləyib ki, ictimai sektorda belə kompüterdən istifadənin səviyyəsi çox aşağıdır: "Düşünmürəm ki, Azərbaycanda kompüterlə informasiyanı işləmək bacarığı olan adamlarımızın sayı çoxdur. Bilməyənlərin içərisində dövlət adamları da var. Ancaq daha çox bunu ictimai-siyasi mühitə aid edərdim. Əksəriyyətdə müasir texnologiyanın imkan verdiyi informasiya düzümlülüyü, informasiyanı aktivləşdirmək bacarığı yoxdur. Bu sistemi qurmamışıq. Məsələnin dövlət qurumları tərəfi çox vacibdir. Elektron hökumətə funksiyalar əlavə edilməlidir. Bu olarsa, əhalinin şikayətləri minimuma enər. Bu problem ümummilli məsələ səviyyəsinə qaldırılmalıdır. Düşünürəm ki, kağızdan imtina ilə bağlı ölkə prezidentinin bir neçə il sonraya hesablanmış konsepsiyası olarsa, bu, kompüter texnologiyalarının istifadəsini daha da sürətləndirər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->