Ekonomiks 00:25 06.09.2015

Mərkəzi Bankın valyuta ehtiyatları 7,8 milyard dollar azalıb

Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 1 milyard 186,1 milyon dollar və ya 13,9% azalaraq 7 milyard 315,9 milyon dollara düşüb. 

Nəticədə MB valyuta ehtiyatları 2011-ci ilin oktyabr ayındakı səviyyəyə qədər enib. Cari ilin əvvəli ilə müqayisədə, yəni son 8 ay ərzində MB-nin valyuta ehtiyatları 6 milyard 442,9 milyon dollar və ya 46,8% azalıb. Qeyd edək ki, MB-nin valyuta ehtiyatları ötən ilin iyul ayında tarixi zirvəyə - 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan - avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ötən ilin avqustunda baş verən azalma dünya bazarlarında xam neftin ucuzlaşması ilə bağlı olub. Lakin ötən ilin dekabr ayından başlayaraq MB-nin valyuta ehtiyatları kəskin azalmağa başlayıb. 2014-cü ilin dekabr ayında valyuta ehtiyatları 1 milyard 238 milyon dollar, 2015-ci ilin yanvar ayında 1 milyard 77,5 milyon, fevralı ayında 1 milyard 676,4 milyon, mart ayında 1 milyard 532,4 milyon dollar, aprel ayında 1 milyard 84,2 milyon dollar azalıb. Lakin sonrakı 2 ayda - may və iyun aylarında valyuta ehtiyatlarında az da olsa artım baş verib. 

Belə ki, may ayında artım 0,5% (42,9 milyon dollar), iyun ayında isə 1,06% (89,4 milyon dollar) artıb. Ancaq iyul ayında yenidən azalma müşahidə olunub - 0,2% (18,6 milyon dollar). İyul ayındakı cüzi azalmadan sonra, qeyd etdiyimiz kimi avqust ayında yenidən kəskin azalma müşahidə olunub. Bu azalmanın əsas səbəbi isə əhalinin manata olan inamsızlığıdır. Fevral ayının 23-dən - manatın 1 gecədə 34% dəyərdən düşməsindən əvvəl insanlar dolların bahalaşacağı ehtimalını nəzərə alaraq əllərindəki milli valyutanı dollara çevirməyə başladılar. Bu proses devalvasiyadan sonra da davam etdi və nəticədə yuxarıda qeyd etdiyimiz statistik göstəricilər ortaya çıxdı. Avqust ayında qeydə alınan azalmanın əsas səbəbi də dolların yenidən bahalaşacağı ehtimalıdır. Neftin ucuzlaşması və qonşu ölkələrdə baş verən devalvasiyalar insanların milli valyutadan imtina edərək dollara üz tutmalarına gətirib çıxarıb. Onu da qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə valyuta ehtiyatları ıkı dəfədən çox - 7 milyard 875,5 milyon dollar və ya 51,8% azalıb. Qeyd edək ki, 2014-cü ilin sentyabr  ayının əvvəlində MB-nin valyuta ehtiyatları 15 milyard 190,9 milyon dollar olub.

Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. Ötən il isə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb.

Pul bazasında da kəskin azalma olub

Azərbaycanın pul bazası (dövriyyədə olan nağd pul) 2015-ci ilin avqust ayı ərzində 1 milyard 115,5 milyon manat və ya 14,94% azalaraq sentybarın 1-nə 6 milyard 352,1 milyon manat təşkil edib. Pul bazasında azalma ilin əvvəli ilə müqayisədə 44,97%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 45,91% olub.

Qeyd edək ki, cari ilin yanvar ayından müşahidə edilən azalma may ayında müvəqqəti olaraq artımla əvəzlənsə də, bu, bir ay çəkib və yenidən azalma ilə əvəz edilib. Xatırladaq ki, pul bazasının həcmi cari il yanvarın 1-nə 11 milyard 541,9 milyon manat, fevralın 1-nə 10 milyard 551 milyon manat, martın 1-nə 9 milyard 109,9 milyon manat, aprelin 1-nə 8 milyard 339,4 milyon manat, mayın 1-nə 7 milyard 418,6 milyon manat, iyunun 1-nə 7 milyard 597,3 milyon manat, iyulun 1-nə 7 milyard 487 milyon manat, avqustun 1-nə isə 7 milyard 467,5 milyon manat təşkil edib.//"Zaman Azərbaycan"

Qaynar.info