Britaniyalı məşhur müğənni, çoxlu sayda mükafata layiq görülmüş Sem Smit Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə – aprelin 27-də axşam "Baku Kristal Hol”da konsert verəcək.

Qaynarinfo xəbər verir ki, 2012-ci ildə "Disklosur” qrupu ilə birgə ifa etdiyi "Latç” mahnısı ilə məşhurlaşan Sem Smitin daha sonra səhnə adı "Nauti Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı "La La La” mahnısı ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində "BRITS Kritiks” "Çois” mükafatına layiq görülüb. Elə həmin il BBC tərəfindən yeni və istedadlı musiqiçilərin aşkarlanması məqsədilə keçirilən sorğuda birinci yeri tutub. Karyerasına başladığı vaxtdan "Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə birinci olub.

"Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk "James Bond” musiqisi kimi Ginnes Rekordlar Kitabına daxil olub. Sem Smit ümumilikdə 4 "Qremmi”, 2 "BRIT” və "Ən yaxşı orijinal film musiqisi” nominasiyasında "Oskar” və "Qızıl qlobus” mükafatlarına layiq görülüb.

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Sem Smitin Bakıya gəlişi ilə bağlı bildirib: "Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Sem Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici ordusu cəlb edib. Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Sem Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək. Buna görə də bütün avtoidman azarkeşlərini və musiqisevərləri biletləri indidən əldə etməyə və aprelin 26-28-də pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram”.

Qeyd edək ki, bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı şəhər halqasından "Kristal Hol”a tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.