Ekonomiks 23:38 24.03.2018

Məşhur futbolçu öz kriptovalyutasını çıxarır - OWN

"Liverpul”un akademiyasında futbolun sirlərini öyrənən, orada göstərdiyi oyunla dünyanın ən güclü futbolçularından birinə çevrilən və mübahisəli şəkildə Madridin "Real” komandasına transfer olunan, hazırda isə İngiltərənin idman kanallarının birində şərhçilik edən Maykl Ouen Sinqapurda yerləşən kriptovalyuta birjası "GCOX” ilə əməkdaşlıq edərək öz kriptovalyutasını çıxaracağını açıqlayıb.

Qaynarinfo kripto.az-a istinadən xəbər verir ki, karyerası ərzində "Liverpul”, "Nyukasl”, "Real”, "Mançester Yunayted” və "Stok Siti” kimi klublarda çıxış etmiş məşhur futbolçu soyadının bənzətməsinə uyğun olaraq "OWN” adı verdiyi coini növbəti üç ay ərzində çıxarmağı planlaşdırır.

Bir çox xeyriyyə təşkilatlarında hədiyyələrin istifadə olunmasında və müxtəlif idman mallarının ticarətində həmin coindən istifadə etməyi planlaşdıran Ouven futbol dünyasında yenilik etmək istəyir.

Daha əvvəl filippinli boksçu Menni Pakyuiao da "PAC” adlandırılan coinlər çıxaracağını açıqlamışdı.

Ouven və Pakyuiaoya bu yöndə dəstək verən Blockchain mərkəzli "GCOX” birjası bir müddətdir "Celebrity Tokens” adlanan və tanınmış simalarla xüsusi kriptovalyutalar çıxaracağı layihənin üzərində çalışır.

Layihənin əsas məqsədi; bəzi məşhurların adlarına uyğun kriptovalyutalar çıxararaq həmin şəxslərin azarkeşlərinin həmin idmançıların müəyyən məhsulları və ya məzmununu satın almaq üçün sözügedən coinlərdən istifadəsini təmin etməkdir.

"GCOX” birjasının təsisçiləri bu cür yeniliyə imza atan ilk şirkət olduqlarını iddia etsələr də, bu, mübahisəlidir. "Bitcoin Exchange Guide”-dan verilən məlumata görə, bu tipli layihənin ilk düşüncələri 2017-ci ilin fevral ayına təsadüf edir. Ancaq sektorda "TokenStars” adlı bənzər işi görən daha bir şirkətin olduğu bildirilib.

Maykl Ouven və Menni Pakyuiaonun planlaşdırdığı bu iş ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən narahatlıqla qarşılanır. Ötən ilin noyabrında dərc olunan xəbərdə SEC-in məşhur şəxslərin öz tokenlərini yaratmağının qeyri-qanuni ola biləcəyi istiqamətində xəbərdarlıq etdiyi qeyd olunub.

Son olaraq martın 7-də Nyu-Cersi məhkəməsinin səlahiyyətliləri Stiven Siqal tərəfindən təşkil edilən "Bitcoiin2Gen” (B2G) adlı ICO-nun dayandırılması üçün istintaq başlatmışdı. Martın 6-da isə reper Vu-Tanq Klanın oğlu olan "Young Dirty Bastard” ləqəbli musiqiçi öz kriptovalyutası "Dirty Coin”-i (ODB) çıxaracağını söyləmişdi.