İdman 12:35 20.05.2020

Məşqlər başlamamış testdən keçməyə gərək vardımı? (SORĞU)

AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.

Tövsiyəni nəzərə alan klublar bir neçə gün öncə koronavirusa görə testdən keçiblər. Hər halda bir klubun tam tərkiblə testdən keçməsinə nə qədər böyük vəsait ayrıldığı aydın məsələdir.

Maraqlı məqam ondan ibarətdir ki, çempionatın başlamasına ilə bağlı qərar yoxdu və məşqlər başlayana kimi testdən keçmiş futbolçuların karantin qaydalarına nə dərəcədə əməl edəcəkləri bəlli deyil. İndiki vəziyyətdə aparılan bu test nəyəsə xidmət etmədi. 

Bunu nəzərə alaraq Sport7.az klublar arasında sorğu keçirdi. Premyer Liqada çıxış edən klubların mətbuat xidmətləri vasitəsiylə həkimlərdən sualımıza cavab almağa çalışdıq. 

Suallarımız ondan ibarət oldu ki, çempionat, məqşlər başlamamış bu testdən keçmək qərarı haradan qaynaqlandı? Məşqlər bərpa olunanda da o qədər pul ayrılıb yenə oyunçular testdən keçəcəklər? Çünki həmin müddətə kimi futbolçulardan kiminsə virusa yoluxub-yoluxmayacağı bəlli deyil.

"Neftçi" klubundan aldığımız cavab belə oldu: "Mövcud vəziyyətlə bağlı komanda üzvlərinin, futbolçuların testdən keçirilməsi günün reallığıdır. Çünki hazırda çempionatın davam etdirilməsi ilə bağlı məsələlər intensiv müzakirə edildiyinə görə, indiki məqamda bu cür yoxlamaların aparılması qeyri-adi görünməməlidir. Əgər söhbət maddiyətlə bağlıdırsa hesab edirəm ki, sağlamlıq hər şeydən öndə gəlir. Ona görə də, istənilən komanda, idman strukturu bu cür xərcləri nəzərə almalıdır. Qarşıdakı günlərdə çempionatla bağlı hər hansı qərar verilərsə ona uyğun da addımlar atılacaqdır. Məşqlərə icazə verilsə və çempionat bərpa edilsə növbəti dəfə də futbolçulardan son durumları ilə bağlı vəziyyəti bilmək üçün testlər götürüləcəkdir".

"Zirə" klubundan isə bildirildi ki, "Məşqlərin başlama ehtimalına qarşılıq hər kəs testdən keçdi. Digər suallara hələ cavab vermək mümkün deyil".

Mövzunu davam etdirəcəyik...

Röya Kərimli