Ölkə 14:22 22.09.2020

Mikayıl Müşfiqin qalıqlarının axtarışı nə zaman yekunlaşacaq?

Repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədi ilə bir neçə müddətdir ki, axtarışlar aparılır. 

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov  açıqlamasında bildirib ki, sümük qalıqları, sümük fraqmentləri onlara təqdim olunur, onlar da sümükləri bir-bir yoxlayır:

"Bəli, hazırda işlər davam edir. Kriminalistlər müayinə edir, sonra da genetiklər baxırlar. Proses yekunlaşmayıb. Çünki hələ də davamı gəlir. Sümüklər çoxdur, ona görə də hələ tam dəqiq heç nə demək olmur”. 
Direktor əlavə olaraq bildirib ki, digər repressiya qurbanlarının da nümunələri gətirilir: "Biz bütün bunların ekspertizasını aparırıq. Nə qədər ki, sümüklər təqdim ediləcək yoxlama aparacağıq, ona görə bu proses uzanır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-də yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş vermişdi.