Siyasət 18:46 26.02.2014

Millət vəkilindən ABŞ səfirinə sərt reaksiya

“Biz başa düşmürük, daha dəqiqi, başa düşmək istəmirik ki, nədən Minsk qrupuna həmsədrlik edən bir ölkənin rəsmləri belə bir məsələyə yanaşmada bu cür ikili standarta yol verirlər”.

 “Axar.az” xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımıyla bağlı açıqlamasına cavab olaraq deyib. 

Deputat hesab edir ki, səfir təcrübəli deputat olaraq belə bir səhvə yol verməməlidir: “Uydurma erməni soyqırımını təkcə onların deyil, həm də özlərinin böyük fəlakəti kimi qiymətləndirənlər Xocalıda yaşananları ancaq “azərbaycanlılar üçün ağır dərd” adlandırırlar. Axı o, təcrübəli diplomatdır və xəbərsiz deyil ki, beynəlxalq sənədlərdə soyqırım harada baş veririsə-versin, bütün bəşəriyyətə qarşı yönəldilmiş addım kimi qiymətləndirilir. Deməli, Xocalı soyqırımı təkcə azərbaycanlılar deyil, içi Morninqstar qarışıq bütün amerikalılar üçün də ağır dərd sayılmalıdır”.

 Sahib Alıyev ABŞ səfirini ədalətli olmağa, işğalçı Ermənistanın torpaqlarımızı azad etmək üçün ona təsir göstərməyə çağırıb: “Təəssüf ki, Amerika təmsilçiləri içərisində, yumşaq desək, belə anlaşılmaz mövqeni təkcə Morninqstar sərgiləmir. Bu ölkənin Minsk Qrupundakı təmsilçisi Ceyms Uorlik bu yaxınlarda tvitterdə Qarabağda öldürülən və Ermənistan vətəndaşı olan bir əsgər üçün göz yaşı tökərək başsağlığı verirdi. Əslində isə onun birbaşa vəzifə borcu idi ki, Ermənistan rəhbərliyindən hesab sorsun. Onlardan soruşsun ki, sizin əsgərinizin Azərbaycan torpağında nə işi var? Neçə ki, amerikalılar bizim üçün ən ağrılı bir məsələdə bu cür mövqe ortaya qoyacaqlar, inciməsinər, bu ölkədə onların ədalətli və həqiqətən də sülh tərəfdarı olduqlarına kimsə inanmayacaq. Eyni zamanda irəli sürdükləri bir çox ideyalara da şübhə ilə yanaşacaqlar. Necə ki, yanaşırlar”.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımıyla bağlı yaydığı açıqlamada deyilir: "Biz başa düşürük ki, Xocalı faciəsi bütün azərbaycanlılar üçün ağır dərddir". 

Qaynar.info