Xəbər lenti

Millət vəkilləri: Şəhid ailələrinin istəyi nəzərə alınmalıdır
Ölkə 12:06 27.01.2021

Millət vəkilləri: Şəhid ailələrinin istəyi nəzərə alınmalıdır

"Bir halda ki, şəhid qəbirlərini su basıb, onları orada qoymaq olmaz, təcili köçürtmək lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, Bakı və Bakı ətrafı kəndlərin, rayonların şəhidləri bir yerdə dəfn olunsaydı, yaxşı olardı:
 

 
"Amma ailənin də öz istəyi var. Elə rayon var ki, şəraiti var, istəyirlər şəhidləri orada dəfn olunsun, abidələri ucalsın, rayonun tədbirlərində tez-tez yad olunsun. Bakıda, şəhər mərkəzində olanda bütün rayonlardan gəlib vaxtında onları ziyarət etmək çətin olur. Ona görə yəqin ki, əvvəldən onların ailələrinin istəyi nəzərə alınıb. Hökmən deyil ki, məhz orada dəfn olunsun, onlar üçün ayrıca bir yer seçilə bilər. İnanmıram ki, bütün rayonun ərazisindən su çıxır. Elə bir yer seçilə bilər ki, görkəmi olsun və sabah onların abidəsini əbədiləşdirmək də mümkün olsun. Şəhid ailələrinin istəyi nəzərə alınmalıdır. Bilmirəm, Şəhidlər Xiyabanında vəziyyət necədir, amma hər halda rayonun özündə şəhidlər üçün daha yaxşı, uyğun yer tapıla bilər. Bakı və Abşeronda yeraltı sular çoxdur. Bir halda ki, şəhidlərin qəbirindən su çıxır və bu proses davam edəcək, onları orada qoymaq olmaz”.

Milli Məclisin deputatı Fəzail Ağamalı hesab edir ki, şəhid qəbirlərinin su basması ilə bağlı problemi aradan qaldırmaq üçün təcili addımlar atılmalıdır:
 
 

"Mənim məsələdən xəbərim var. Çox arzulayardım ki, onlar normal yerə köçürülsün və dəfn olunsun, narahatçılıq aradan qaldırılsın. Çünki onlar vətən uğrunda qan töküb, şəhid olublar. Düşünürəm ki, şəhidlərimizə də qayğı göstərilməlidir. Hansısa səbəbdən onlar orada dəfn edilib. Müxtəlif rəylər və səbəblər var. Ancaq bir halda ki, orada həqiqətən problem var, qəbirləri su basır, yerini dəyişmək lazımdır. Lap belə mümkün olsa, yeni salınan şəhidlər qəbiristanlığında dəfn ounsunlar. Düşünürəm ki, bunu etmək lazımdır”.

Milli Məclisin deputatı Fazil Mustafa şəhid ailələrinin istəyinin nəzərə alnmalı olduğunu vurğulayır:
 


"Əgər belə bir problem varsa, tədbir görülməlidir. Şəhid qəbirləri qurunt suları olmayan yerə köçürülməlidir. Onların ailələrinin istəyi nəzərə alınmalı və bunun üçün vəsait ayrılmalıdır. İnanıram ki, məsələ həllini tapacaq”.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsində 18 şəhid valideyinlərinin icazəsi olmadan Qaradağ rayonu ərazisində dəfn edilib. Hazırda onların məzarını su basıb. Bu isə cəmiyyətdə böyük narazılığa səbəb olub. Şəhidlərin ailələri yaxınlarının, doğmalarının qəbirlərinin başqa yerə köçürləməsini tələb edir. Məlumat üçün qeyd edək ki, 18 şəhidin 15-i Yasamal, 3-ü isə Nəsimi rayon sakinləri olub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->