Siyasət 16:25 02.04.2013

Milli Demokratiya İnstitutu Azərbaycanı tərk edir?

ABŞ-ın Milli Demokratiya İnstitutunun (azərbaycanca MDİ, ingiliscə- NDI) Azərbaycandakı qeydiyyatı bu il iyulun sonunda başa çatır. Bu məlumatı AzadlıqRadiosuna bir neçə mənbə təsdiqləyir.

MDİ 2012-ci ilin iyulunda birillik sazişlə qeydiyyata alınıb. Bu, qanunvericiliyə edilən son dəyişikliyə uyğun aparılıb. Belə ki, Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən, xarici QHT-nin ölkədə fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır. Yəni Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş imzalanır, ikinci mərhələdə qeydiyyat məsələsi çözülür.

16 İL QEYDİYYATSIZ, SONRA BİRİLLİK SAZİŞ

MDİ-nin məqsədi vətəndaşların iştirakı, hökumətin açıqlığı və hesabatlılığı vasitəsilə dünyada demokratik təsisatların gücləndirilməsidir. Qurumun proqramları siyasi partiyaların inkişafına yardım və seçkilərin qorunmasını hədəf götürüb. MDİ hazırda dünyanın 5 qitəsində, 110-dan çox ölkədə layihələr reallaşdırır. 

MDİ Azərbaycana 1995-ci ildə, keçmiş prezident Heydər Əliyevin dəvəti ilə gəlib. Bunu institut rəhbərliyi öz bəyanatlarında dəfələrlə vurğulayıb. İctimai rəydə belə bir təsəvvür yayılıb ki, qurum “centlmen razılaşması” əsasında işləyir və məhz balansı gözləmək, eləcə də hakimiyyətin təzyiqindən uzaq olmaq üçün hökumətyönlü təşkilatlara da qrant verir.

​​MDİ-nin Bakı ofisi 2011-ci ildə, Nazirlər Kabinetinin sözügedən qərarından sonra bağlansa da, ilin sonunda yenidən işə başladı. Bəzi mənbələr ofisin açılması xahişinin ən yüksək dairələrdən gəldiyini bildirir. Bir müddət sonra yerli media bu qurumun, nəhayət, qeydiyyata alındığını xəbərlədi. Ancaq indi üzə çıxır ki, ötən il bağlanmış sazişin müddəti iyulda bitir və MDİ yenə də qeydiyyatsız qalır.

Ədliyyə Nazirliyindən də quruma “saziş verildiyini, həmin vaxt qeydiyyat məsələsinə də baxıldığını” bildirirlər. Nazirliyin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov bu barədə danışacağını vəd etsə də, sonradan zənglərə cavab vermədi.

Problemə bələd olan, amma adının çəkilməsini istəməyən hüquqşünas AzadlıqRadiosuna deyir ki, qanunvericiliyə son dəyişiklikdən sonra belə saziş ilk dəfə elə MDİ ilə bağlanıb: “Yəqin elə məsləhət görüblər ki, həmin müddətin uzadılması ilə bağlı hər il əlavə görüşlər, razılaşmalar olsun, yeni saziş bağlansın”.

Qurumun iyuldan sonraya planları nədir, təkrar qeydiyyat üçün müraciət edəcəkmi? Bu suallara cavabında MDİ-nin Azərbaycan üzrə direktoru Alex Grigorievs yalnız onu bildirir ki, “MDİ Azərbaycan qanunlarına uyğun olaraq tam qeydiyyata alınıb”.

RƏSMİ CAVAB OLA BİLƏR

Bu ilin əvvəlindən MDİ-nin adı “inqilab hazırlamaq” qalmaqalında hallanır və buna əsas kimi qurumun Alex Grigorievsin bu məqsədlə 2 milyon dollara yaxın nağd pul xərclədiyi iddiası səslənir. Nümayəndəlik, ABŞ səfirliyi bunu yalanlasa da, baş prokuror Zakir Qaralov ötən həftə ABŞ səfirinə göndərdiyi məktubda MDİ-nin bir sıra qanunları pozduğunu bildirib. 2005-ci ildə də MDİ-nin adı oxşar qalmaqalda hallanıb. 

Alex Grigorievs AzadlıqRadiosuna bütün bunların şəxsən onunla deyil, Azərbaycan və MDİ (ABŞ) ilə bağlı olduğundan rəsmi cavab hazırlandığını söyləyib. 

Əksər müşahidəçilər MDİ-nin Azərbaycanda həmişə siyasi iradə əsasında işlədiyini düşünərək, qurumun Bakı ofisinin açılıb-bağlanma məsələsini də siyasi qərar göstəricisi sayır.

MDİ ilə əməkdaşlıq edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirir ki, MDİ-yə belə münasibətin kökündə bu qurumun demokratiya, insan haqları məsələsinə həssas yanaşması dayanır. 2011-ci ildə Norveç İnsan Haqları Evinin Bakıdakı ofisi də eyni səbəbdən bağlanıb. Yəni hər iki qurumun bu məsələlərə dair proqramları, missiyaları var. Ekspertin fikrincə, hakimiyyətin daha bir məqsədi seçki ərəfəsində beynəlxalq qurumların təzyiqlərini önləməkdir və ya bacardıqca yumşaltmaqdır.