Siyasət 18:15 18.06.2013

Milli Şuradan vahid namizəd AÇIQLAMASI

Zəfər Quliyev: “İsa bəyin yanaşması məntiqli yanaşmadır”

“Rüstəm İbrahimbəyovun Milli Şuranın sessiyalarında iştirak etməməsi narazılıq yarada bilməz. Rüstəm bəy əvvəlcə bu ayın sonuna qədər ölkəyə gəlməyi planlaşdırırdı”.

Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın üzvü Zəfər Quliyev deyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun vacib görüşləri olduğundan Azərbaycana səfəri təxirə salındı: “O, Brüsselə, Türkiyəyə getməlidir. Yəni bu görüşlərlə bağlı o qrafikində dəyişikliklər edib. Son açıqlamasında da deyib ki, iyulun əvvəli Bakıya gəlməyi planlaşdırıb. Düzdür, indiki mərhələdə onun gec gəlməsi vahid namizədlə bağlı danışıqları ləngidir. Lakin düşünmürəm ki, Milli Şurada hansısa ciddi problem yarana bilər. Məndə olan məlumata görə, Milli Şuranın iyunun 21-də olan sessiyasında əvvəlcə müzakirəyə vahid namizədlə bağlı bir sənəd çıxarılacaq. O sənəd konkret kiminsə namizədliyi ilə bağlı deyil. Sənədin məqsədi ondan ibarətdir ki, vahid namizədin qarşısında hansı öhdəliklər qoyulmalıdır, namizəd hansı parametrləri özündə əks etdirməlidir. Sənəd qəbul olunandan sonra namizədlə bağlı müzakirələr aparıla bilər. Vahid namizədlə bağlı Rüstəm İbrahimbəyovun adı hallanır, amma digər namizədlər də ola bilər. Bu məsələ Milli Şuranın ümumi sessiyasında öz həllini tapmalıdır”.

Z.Quliyev İsa Qəmbərin İctimai Palatanın sessiyasında dediyi “Milli Şuranın vahid namizədi olacaq şəxs vahid namizədliyi ilə bağlı iddiasını ortaya qoymalıdır. Namizəd olmayan şəxs nə cür vahid namizəd ola bilər?” sözlərə də münasibət bildirib: “İsa bəyin yanaşması məntiqli yanaşmadır. Rüstəm İbrahimbəyov Milli Şuranın sədridir. Həmin vəzifə tələb edir ki, Rüstəm bəy Bakıya qayıtsın və qurumun işini səmərəli təşkil edilməsində iştirak etsin. Ola bilər, vahid namizədlə bağlı müzakirələr başlayanda Rüstəm bəy Bakıda olmasın. Amma aydın məsələdir ki, vahid namizəd formal olaraq seçilmir. Namizəd kim seçilirsə, üzərinə öhdəlik götürməlidir və hamılıqla seçki kampaniyasına başlamalıdır. Bu baxımdan İsa Qəmbərin yanaşması məntiqlidir. Hər halda vahid namizəd Bakıda olmalıdır, birbaşa seçki kampaniyasında fəal iştirak etməlidir”.

İlkin
Qaynar.info