Siyasət 15:41 21.06.2013

Milli Şuraya yeni üzvlər qəbul edildi - SİYAHI - YENİLƏNİR

14:41

Milli Şuraya üzv seçilməsi üçün Hacı Əmrulla və Məşədi Vaqif Pənahovun namizədli səsverməyə çıxarılıb. 

Qaynar.info-nun məlumatına görə, hər iki şəxs Bakı Kəndlər Birliyini təmsil edirlər. 

Lakin ACP sədri Sülhəddin Əkbər onların üzv seçilməsinə etirazını bildirib. 

S.Əkbər bildirib ki, onlar Milli Şuraya üzv seçilsələr iclası tərk edəcək: "Ona qalsa mən də 50 nəfər gətirə bilərəm. Hamısı da milli azadlıq hərəkatında iştirak edənlər olacaq. O zaman minlərlə adam olub, hamısını bura gətirək? Prosedur qaydaları var, onlara əməl etmək lazımdı". 

Bundan başqa hüquqşünas Yavər Hüseynli də Milli Şuraya üzv seçilib. 

**

13:02

Milli Şura özünün yeni komissiya və komitələrinin yaradıldığını elan etdi. Təqdim olunan siyahı 2 əleyhinə, 5 lehinə olmaqla qəbul edildi.

Siyahını təqdim edirik:

1) İqtisadiyyat komissiyası - Qubad İbadoğlu

2) Sosial siyasət komissiyası - Eldar Əliyev

3) Din və milli azlıqlarla iş üzrə komissiya - Eldəniz Quliyev

4) Hüquq komissiyası - Vidadi Mirkamal

5) KİV-lə əlaqə və informasiya komissiyası - Rahim Hacıyev

6) İctimaiyyətlə əlaqələr komissiyası - Mehman Əliyev

7) Beynəlxalq əlaqələr komissiyası Gültəkin Hacıyeva

8) Elm və təhsil komissiyası - Kamil Vəli Nərimanoğlu 

9) Mədəniyyət komissiyası - Rövşən Almuradlı

10) Konstitusiya islahatları komissiyası - Qulamhüseyn Əlibəyli 

11) Seçki məsələləri üzrə komissiya - Gülağa Aslanlı

12) Kütləvi tədbirlər (mitinq) komitəsi - AXCP-Müsavat

13) Ehtiyatda olan hərbçilər və hərbçilərin sosial müdafiəsi komissiyası - Yaşar Cəfərli

14) Ekologiya komissiyası - İlham Murtuzayev

15) Etika komissiyası - Nurəddin Mustafayev

16) Yerli özünüidarəetmə komissiyası - Bəybala Əbil

17) Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrupu - Ənnağı Hacıbəyli

12:33

Milli Şuranın məqsəd və vəzifələri xalqa düzgün çatdırılmalıdır. Çalışmalıyıq ki, bu beynəlxalq proyektə yox, ümumxalq proyektinə çevrilsin. Siyasi qeyri müəyyənliklərə son qoyulmalıdır. Qeyri-müəyyənlik vahid namizəd məsələsilə bağlıdır. Bu məsələ ilə bağlı partiyaların mövqeyi bəllidir. 

Qaynar.info-nun məlumatına görə, bunu ACP sədri Sülhəddin Əkbər deyib. 

Onun sözlərinə görə, Milli Şurada vaxt itirmədən təşkilatlanma aparılmalıdır: "Mitinq komitəsi yaradılmalıdır. Bundan sonra hakimiyyətin üzərinə getməliyik. Bütün bu məsələləri həll etmək üçün Milli Şura sədrinin yanında Məşvərət Şurası yaradılmalıdır". 

11:50

Milli Şuranın ilk sessiyasında çıxış edən AXCP sədri Əli Kərimli vahid namizəd bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, vahid namizəd məsələsində qeyri-müəyyənlik qalır: “Bu günlərdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub göndərib. R. İbrahimbəyov keçid dövrünün açılışı ilə bağlı öz fikirlərini söyləyib. Açıq demək lazımdır ki, Milli Şuranın müəyyən etdiyi namizədi dəstəkləyəcəyimizlə bağlı fikirlərini ortaya qoyub. Bundan sonrakı mərhələni sürətlə keçməsinə çalışmalıyıq”.

Ə. Kərimli təklif edib ki, bu gün hüquqşünaslardan ibarət işçi qrup yaradılmalıdır. Onun sözlərinə görə, həmin işçi qrup keçid dövrünün daha detallı şəkildə anlayışını verməlidir: “Mili Şuranın öhdəliklərini dəqiqləşdirməlidir. Milli Şuranın namizədi seçkilərdə qalib gələrsə onun üzərindəki qoyulacaq öhdəliklərini təsdiq etməlidir. Bu sənədə ehtiyac var. Bizim görəcəyimiz konkret işlərdən biri də bu olmalıdır”.

AXCP sədri qeyd edib ki, seçkiyə 4 aydan az vaxt qalıb və Milli Şura müvafiq komissiyalarını formalaşdırmaldır: “Təcili şəkildə platformalarını müəyyənləşdirməlidir. Vaxt itirmədən özünü cəmiyyətə təqdim etməlidir. Özünü tanıtmalıdır. İddia edə bilmərik ki, bölgələrdə bütün insanlarının Milli Şuranın məqsədindən xəbəri var. Şuranın mövqeyi ictimaiyyətə təqdim olunmalıdır. Milli Şura keçid dövründə hamının bir araya gəlməsini təmin edən institutdur. Daha aydın mesajlar lazımdır. Siyasətlə məşğul olanlar üçün maarqlı ola bilər, milyonlar üçün anlaşılan dildə siyasəti açıqlanmalıdır.

Prezidentliklə baş nazirliklə bağlı yarış rəqabət ola bilər. Hesab edirəm ki,  prinsipial məsələlərdə vahid platformada çətinlik olmayacaq. Sürətlə xarici siyasət aparmalıdır. 4 aya qədər konkret hədəflər olmaldır. Bütün dünyaya xalqın müxalifətin birləşmiş qüvvələrlə alternativ olduğunu bəyan etmək lazımdır”. 

**

Milli Şuranın ilk sessiyası öz işinə başladı.

Qaynar.info-nun məlumatına görə, şuranı Müsavat Partiyasının başqanı İsa Qəmbər açıq elan edib. 

İ. Qəmbər bildirib ki, mayın 28-də Cümhuriyyətin 95-ci ildönümü günü Milli Şuranın yaranması bəyan edilib: “7 iyunda Milli Şuranın təsis toplantısı keçirildi. Bu gün Milli Şuranın ilk sessiyası keçirilir. Milli Şuranın yaranması cəmiyyətdə böyük ümidlər doğurur. Gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyət və Milli Şuranın vəzifələri, 2-ci məsələ Milli Şuranın işinin təşkili və üçüncü cari məsələlər müzakirə ediləcək”.

Üç məsələdən ibarət gündəlik səsə qoyulub və əksəriyyət təsdiq edib.

Qaynar.info