İdman 10:46 26.08.2013

Millimiz dünya 2-cisi oldu

Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb. 

Azerisport.az xəbər verir ki, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz çempionatın son günündə 1 gümüş və 2 bürünc medala sahib olublar.

 Ümumilikdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilərimiz 66 xalla komanda hesabında dünya ikincisi olublar. İlk sırada Rusiya (85 xal), üçüncü sırada İran (56 xal) komandaları qərarlaşıb.

 46 kq

Fazil Həsənov 1/8 finaldan mübarizəyə başlayıb və finala qədər Cənubi Afrika (7:0), Türkiyə (7:0) və Yaponiya (8:5) güləşçilərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Qazaxıstan təmsilçisinə uduzan Fazil Həsənov gümüş medalla kifayətlənib. 

 54 kq

Nemətdin Rəhmanov ilk görüşdə ABŞ təmsilçisini (10:4) üstələsə də, Moldova güləşçisi ilə görüşdən (4:9) məğlub ayrılıb və çempionatı medalsız tamamlayıb. 

 63 kq

Teymur Məmmədov 1/16 finalda Latviya güləşçisi ilə görüşdən (8:0) qalib ayrılıb, ancaq ABŞ təmsilçisinə (1:2) uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qırğızıstan (8:0) və Moldova (7:0) güləşçilərini üstələyən Teymur həlledici görüşdə Hindistan təmsilçisini də (2:1) məğlub edib və bürünc medala sahib olub.

 76 kq

Məhəmmədrəsul Qazıməhəmmədov Litva (6:0) və Qırğızıstan (8:0) güləşçilərini üstələsə də, İran təmsilçisinə uduzub və çempionatı medalsız tamamlayıb. 

100 kq

Turxan Qurbanov Polşa (7:0), Yaponiya (5:4), Macarıstan (7:0) güləşçilərindən üstün olub, ancaq yarımfinalda İran güləşçisinə (1:5) uduzub. Bürünc medal uğrundan görüşdə Türkiyə təmsilçisini (5:4) məğlub edən Turxan Qurbanov dünya üçüncüsü olub.

Qaynar.info