İdman 21:15 04.01.2014

Millimiz Estoniya yığmasına qalib gəldi

Voleybol millimiz rəqibini 3:0 hesabı ilə məğlub edib

Yanvarın 4-də qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyun keçirilib. 

AzərTAc xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində J qrupun oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız Estoniya voleybolçuları ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlib. 

Komandamızın növbəti rəqibi Serbiya yığması olacaqdır. Bu görüş yanvarın 5-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, çempionatın üçüncü mərhələsində 5 qrupun hər birində 4 komanda olmaqla, ümumilikdə 20 ölkənin milli komandası mübarizə aparacaqdır. Qrupda birinci yeri tutan komanda dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqdır. Qrup ikinciləri arasında ən yaxşı nəticə göstərmiş bir kollektiv də həlledici mərhələyə yüksələcək.


Qaynar.info