İdman 22:09 03.09.2020

Millimizin rəqibinə məşqləri dayandırmaq tövsiyə olundu

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Kipr seçməsi məşqlərini dayandıra bilər.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı günlərdə havanın temperaturu həddindən artıq yüksələcəyindən komandalara xəbərdarlıq olunub.

Yığma və klublara məşqləri müvəqqəti dayandırmaq və ya gecə saatlarına təyin etmək tövsiyə edilib.

Xüsusilə sentyabrın 4-də havanın temperaturunun ölkə daxilində 45 dərəcəyədək yüksələcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kiprin qonağı olacaq.