İdman 09:45 20.01.2022

Millimizin sabiq üzvü: “Medallarım, diplomlarım var, amma nə faydası...”

Futzal millimizin sabiq üzvü Rəcəb Fərəczadəni yəqin ki, çox az futbol azarkeşi tanımır. Futzalla yanaşı, vaxtilə böyük futbolda Azərbaycan Premyer Liqasında da çıxış etmiş Fərəczadə pandemiya başlayana qədər bir müddət aşağı dəstədə də top qovdu. Karyerasını bitirdikdən sonra isə uşaq futbolunda çalışmağa başlayıb. 

Fərəczadə Qaynarinfo-ya müsahibəsində həm həm hazırda göstərdiyi məşqçilik fəaliyyəti ilə bağlı danışıb, həm də ötən gündən etibarən Niderlandda start götürən futzal üzrə Avropa çempionatında iştirak edən millimizin şanslarını dəyərləndirib.

nsan öz gördüyü işdən ləzzət almalıdır"
 

 
- Karyeranızı bitirdikdən sonra hansı şəkildə fəaliyyət göstərirsiniz?

- Millidə karyeramı bitirdikdən sonra bir müddət ikinci dəstədə oynadım. Uşaqlara motivasiya vermək üçün dəstəyimi əsirgəmədim. Pandemiyadan sonra, ümumiyyətlə, futzal oynamıram. 3 ildən çoxdur "Keşlə”nin futbol akademiyasında məşqçi kimi çalışıram. Akademiyada müxtəlif yaş qrupları var. Mən də onların birində çalışıram. 

- Uşaq futbolunda vəziyyət necədir? Nəticələriniz varmı?

- Uşaq futbolunda çalışdığım ilk gündən, şəxsi təcrübəmi, fubola baxışlarımı əsas götürüb, nəticə üçün oynamıram. Çalışıram ki, uşaq hazırlayım. Bu yaşda nəticə önəmli deyil. Bunun arxasınca qaçsaq, qalan şeylər yaddan çıxacaq. Özüm də uşaq vaxtı oynamışam. Nə qədər medallarım, diplomlarım olub, amma heç biri fayda vermir. Ona görə də uşaqlara futbol öyrətməyə, bildiyimizi onlara çatdırmağa çalışırıq. Uşaqlar təməldən futbolun texniki tərəfini, aldatmaları, ötürmələri mükəmməl bilməlidir. Yaş ötdükcə məndən sonrakı məşqçilər onlara taktikaları öyrədəcək, nəticə istəyəcək. Mən uşaqları 7-8 yaşlarından götürmüşəm. 3 ildir onlarla çalışıram. Amma akademiya olaraq millimizin aşağı yaş qruplarına futbolçular vermişik. Hətta "Keşlə”nin əsas komandasına əvəzedicilərdən, U-19-dan xeyli uşaq verilir. Şükür Allaha akademiya olaraq bu yöndə işlər yaxşı gedir.

- Kateqoriya almaq üçün məşqçilik kurslarına qoşulursunuz?

- Oxumuşam, inşallah, gələcəkdə "A” və PRO kateqoriyalarını da almağa çalışacam. Hazırda "C” kateqoriyası var. İndi fikrimi sırf uşaqların yetişdirilməsinə yönəltmişəm. Təvazökarlıqdan uzaq, mən uşaqlarla işləyəndə özümü daha yaxşı anlada, onlara çox kömək edə bilirəm. Uşaqlarla işləmək daha faydalı olar.

- Futzalda və ya yaşca daha böyük komandalarda çalışmağı özünüz istəmədiniz?

- Açığı, futzalda yüksək və birinci liqa komandalarından təkliflər olub. Düşünürəm ki, burada daha çox xeyir verərəm. Ola bilsin, gələcəkdə çalışaram. İndi də futzalda, yaxud böyük futbolda 15, 17 yaşlı uşaqlardan ibarət komandalarda çalışmaq üçün təkliflər olur. Özümü burada görürəm. İlk növbədə insan öz gördüyü işdən ləzzət almalıdır. Mənə çox xoşdur. Uşaqlar həm dostum, həm balaca qardaşım, həm də futbolçularımdır. 

-  Həm futzalda, həm də böyük futbolda oynamısınız. Hansı daha rahatdır?

-  Bunlar tam ayrı idman növləridir. Ot örtüyündən tutmuş, topun ölçüsünə qədər fərqlidir. Hər ikisində yetərincə oynamışam. Azərbaycan Premyer Liqasında çıxış etmişəm. Amma fuzalda daha çox tanınmışam. Uşaq futbolunda isə bunlar çox da seçilmir. Balaca olduqlarına görə əsas üstünlük cəldliyə, çevikiyə və texnikaya verilir. Böyük futbolda daha yaşlı uşaqlardan ibarət komandalarda işləməmişəm. Bilirəm ki, fərqlidir. Bəlkə də mənə çətin olar. 

- Gələcəkdə böyük komandalarda işləmək planlarınız var? Özünüzü orada görə bilirsiniz?

- Yetərincə anlayışım, futbol savadım var. Amma çoxlu oxumaq, çalışmaq lazımdır. Futzalda istənilən komandada rahat işləyə bilərəm.
 
"Qapıçımızın 40-dan çox yaşı var idi, qapıda şir kimi dayanırdı"
 


- Futzal üzrə AÇ-nin final mərhələsinə start verilir. İspaniya, Gürcüstan, Bosniya və Hersoqovina ilə mübarizə aparacaq yığmamızın sabiq üzvü kimi şanslarımızı necə dəyərləndirirsiniz?

- İlk növbədə millimizi Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Əvvəllər, buna sürpriz kimi baxırdılar. 1990-cı, 2000-ci illərin sonlarına kimi nə dünya nə Avropa Çempionatı görmüşdük. İlk oyunumuz 2010-cu ildən olub. Həmin vaxtdan bəri səhv etmirəmsə, 6-cı final mərhələsidir ki, millimiz daim iştirak edir. Qruplara baxdım. İspaniya millisi reytinqdə birinci yerdədir. Gürcüstanla Bosniya və Hersoqovina isə daha aşağı pillələrdə gedirlər. Nəticə qazana bilərlər. Məncə "pley-off”a vəsiqə qazanmaları mümkündür. Brinci olmasa da, ikinci pilləni tutub qrupdan çıxmalıdırlar. Düşünürəm ki, federasiya rəhbərliyi də komandanın qarşısına məhz bu məqsədi qoyub. Rəqiblərə baxsaq, gürcülərin heyətində 8 milliəşdirilmiş braziliyalı futbolçu var. Onlardan 6-sı oynayacaq. Üstəlik, millimizin iki əsas oyunçusu koronavirusla əlaqədar oynamaya bilər. Çətin olacaq, şanslar 50-nin 50 faizə nisbətindədir. Kənardan gəlib satistikaya baxsan, düşünərsən ki, asan olacaq. Çünki gürcüləri futzalda həmişə məğlub etmişik. Amma indi tam başqa olacaq. Düzdür, bizdə də milliləşdirilmiş futbolçular var. Qrupdan çıxmaq üçün əsas oyunumuz məhz gürcülərə qarşı olacaq.

- AÇ-yə yollanmamışdan öncə millimiz iki dəfə Ukrayna və Belçika ilə qarşılaşdı. Matçların hamısında məğlub oldular. Bu oyunlara baxdınızmı? Komandamızda hansı çatışmazlıqlar var?

- Əvvəllər millimizin heyətinin 90 faizini "Araz Naxçıvan”ın oyunçuları təşkil edirdi. Futzalçılar daim birlikdə idilər və bir-birilərini gözüyumulu başa düşürdülər. İndi fərqli mənzərədir. Hərəsi bir tərəfdən gəlir. Ola bilsin, vaxt azlığı rol oynayır, yaxud yeni futbolçular məşqçinin taktikasına uyğun gəlmirlər. Amma Ukrayna millisi zəif deyil. Avropada 5-7-ci yerlərdə olan komandalardandır. Belçika ilə oyuna baxmadım. Ümumi mənzərə baxımından dəyərləndirsəm, sanki 5 oyunçu ilə oynamağa üstünlük veririk. Yəni qapıçını oyunçu ilə əvəzləyirlər. Bu, indi elə də çox yaxşı alınmır. Bir qədər bu taktikanın üzərində işləmək lazımdır. Bir də futzalın qanunu var – çox qaçmalısan. Hərəkət çox olmalıdır. Ukrayna milisinin oyununa baxdım, oyunçular bir dəqiqə yerlərində dayanmırdılar. Sürət, hərəkət çox idi.

- Ümumiyyətlə, düşünmək olar ki, Alesio artıq uzun müddətdir üstünlük verdiyi "5 oyunçu” taktikasını dəyişməlidir? Çünki kənardan baxanda bu üslubun artıq "tükəndiyi” fikri formalaşır. 

- Başa düşürəm. Hər şeyi də məşqçinin üstünə atmaq olmur. Heç bir baş məşqçi risk edib qapıçını oyunçu ilə əvəzləmir. Çünki çox risklidir və bunun iki tərəfi var - ya sən qol vuracaqsan, ya da sənin qapına top vuracaqlar. O da görür ki, heç nə alınmır. Çünki dünyada futzal və komandalar çox inkişaf edib. İstər gürcülər olsun, istər Finlandiya, yaxud başqa komandalar gündən-günə inkişafdadır. Məşqçi özündən heç nə çıxarmır. Düşünürəm ki, əlindəki "material”a uyğun taktika seçir. Sürətli, cəld futbolçular olsaydı, yəqin ki, başqa taktika seçərdi.

- Bəs bu müddətdə biz nə qədər inkişaf edə bilmişik?

- Acınacaqlısı odur ki, futzala gələnlərin əksəriyyətinin oyunu böyük futbolda alınmır. Onlar da futzala üz tuturlar. Bu, düzgün yanaşma deyil. Çünki başqa idman növüdür. Təməli də fərqlidir. Gələcəkdə, inşallah, futzal akademiyaları açılar. Uşaqlar da ora üz tutar. Bilirsiniz, bizdə belə mentalitet var ki, valideynlər uşaqları böyük futbola cəlb etmək istəyirlər. Çünki burada pul var. Bu, düzgün deyil. Çünki həm uşaq, həm də valideyn vaxtını itirir. Nəticədə nə böyük futbolda oyunu alınır, nə də  futzalda. Amma istedadlı uşaqlarımız çoxdur. Baxırsan ki, böyük futbolda alınmır, amma yaxşı futzalçı ola bilərlər. Futzalı hamımız birlikdə uşaqlara sevdirməliyik. Mümkünsüz bir şey yoxdur. Futzal akademiyaları açmaq lazımdır. Böyük futboldakı klubların nəzdində futzal komandaları fəaliyyət göstərsə, daha yaxşı olar. O qədər məşqçilərimiz, uşaqlara məşq keçə biləcək köhnə futzalçılarımız var ki. Bunu hər kəs bilir, sadəcə, istək olmalıdır. Dəqiq bilirəm ki, istedadlı uşaqlarımız var. Türkiyəyə baxıram, özümüzünkülərlə müqayisə edirəm. Bizimkilər onlardan geri qalmır, hətta üstələyir. 8-12 yaş arasında olan çox istedadlı uşaqlarımız var. 

- Məşq keçdiyiniz komandadan futzala təklif etdiyiniz uşaqlar olub?

- Sırf məndə olmayıb. Çünki 11-12 yaşlı uşaqları göndərmək üçün heç futzal məktəbi də yoxdur. Olsaydı, əlbəttə, göndərərdim. Digər tərəfdən, buna valideyn də təşəbbüs göstərməlidir. Valideynlər uşaqların, məşqçilərin işinə çox qarışırlar. Futbolumuzun axsamasının bir səbəbi də valideynlərdir. Nəticə istəyirlər. Uşaq bilmir məşqçiyə qulaq assın, yoxsa valideynə. Qalır iki daşın arasında. Valideyn qışqırır ki, "qol vur”. Mən isə başqa şey tələb edirəm, nəticə deyil. Mənə lazımdır ki, uşaq düzgün oynayıb inkişaf etsin. Ona görə də böyük futbolda, məsələn, müdafiəçilərimiz rəqibləri aldatmır. Topu necə gəldi irəli vururlar. Uşaq vaxtı öyrənməyəndən sonra, böyüyəndə ümumiyyətlə, klubda öyrənə bilməyəcəksən. Uşaq risk etməlidir, uduzmalıdır, yaxud oyunu öz üzərinə götürməyi bacarmalı, qorxmamalıdır.

- Sizin dönəminizdəki yığmanı indiki ilə müqayisə etsək, hansı fərqlər nəzərə çarpar?

- Yerlə-göy qədər fərq var. İstər komanda ruhu, oyunçuların səviyyəsi, istər individual oyun baxımından çox fərq var. Az öncə dediyim kimi, milli və "Araz Naxçıvan” demək olar, eyni komanda idi. Gecə-gündüz birlikdə məşq keçirdik. İkinci üstünlüyümüz bizim dönəmimizdə kreativ oyunçuların çox olması idi. Hər futzalçının özünə xas, müsbət cəhətləri var idi. Rizvan gənc idi. Vitalinin, mənim fərqli üstünlüklərimiz vardı. Biro, Serjao, Felipe başqa müsbət cəhətlərə malik idi. Qapıçımızın 40-dan çox yaşı var idi, qapıda şir kimi dayanırdı. Nəticədə milli güclü komandaya çevrilmişdi. İndi belə deyil. Elə həmin vaxtdan futzal Azərbaycanda populyarlaşdı. Hamı tanımağa başladı. Avropa Çempionatının yarımfinalına yüksəlmək böyük nəticə idi. Futzalda, məncə, daha əvvəllər belə nəticəmiz olmamışdı. Futzal kənardan asan görünsə də, çox çətindir. Yer balaca, təzyiq çoxdur. Aldatmağa yer yoxdur. Hər zaman üzərində təzyiq hiss edirsən. Qərarları tez verməlisən, qısa məsafədə oyunçu keçməlisən. Çünki qapılar yaxın olur, kiçik bir səhv üzündən qol buraxa bilərsən. Mənə görə, futzal daha çətindir.
 
"Qarabağ” çempion olacaq"
 


- Hər iki tərəfdə oynadığınız üçün soruşuram. Azərbaycanda böyük futbolun durumunu necə qiymətləndirirsiniz? Geriləməyimizin səbəbi nədir?

- Klublar arasında neçə illərdi "Qarabağ”a azarkeşlik edirəm. Ümumilikdə isə mən uşaq futboluna baxıram. Burada istedadlı uşalarımız var. Geriləməyimizin səbəbi odur ki, 15-19 yaş arasında olan futbolçularımız "itir”. Başbilənlər səbəbini tapmalıdırlar. 

- Limit məsələsi də bunda rol oynayır?

- İstər-istəməz... Yerli futbolçular daha çox oynasa, yaxşı olar. Onu dəqiq bilirəm ki, ölkədə keçirilən bütün liqalara nə qədər çox uşaq dəvət etsələr, o qədər faydalıdır. Ən azı bir nəfər yetişəcək. Yəni, axtarıb tapacaqlar. 10 nəfərdən biri yetişirsə, 100 nəfər arasından 10 oyunçu çıxacaq. Bu, hər sahədə belədir. Müxtəlif turnirlərdə nə qədər yerli futbolçuya şans yaradılsa, o qədər faydalıdır. 

- Bu mövsümdə Azərbaycan Premyer Liqası üçün proqnozunuz necədir?

- "Qarabağ” çempion olacaq. Həm nəticəyə, həm də göstərdiyi oyuna görə. Avrokuboklarda sonuncu dəfə 0:3 hesabı ilə məğlub olduqları oyunda belə özlərini yaxşı tərəfdən göstərmişdilər. Sadəcə, nəticə olmadı. Hakimin də qərəzli fikirləri oldu. "Qarabağ” fubol oynayır. Düşünürəm ki, Azərbaycan futbolunu Avropada lazımınca təmsil edə bilirlər. 

Səbuhi Həsənov