Gənclər arasında boks üzrə Azərbaycan çempionatında 17 yaşlı boksçu Faiq Mollayev haqsızlığa məruz qalıb.
Bu barədə Fanat.Az-a idmançının atası İman Mollayev bildirib.
Valideynin sözlərinə görə, oğlu 2022-ci ildən boks üzrə Azərbaycan yığmasının üzvüdür. O, yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında 2 dəfə birinciliyi qazanıb.
"Gənclər arasında keçirilən Azərbaycan çempionatında isə bir dəfə 3-cü, bir dəfə isə 2-ci yerə çıxıb. Bundan əlavə beynəlxalq turnirlərdə də müəyyən nailiyyətləri olub”, - deyə İman Mollayev əlavə edib.
Mollayevin sözlərinə görə, bu il gənclər arasında keçirilən Azərbaycan çempionatında oğlu birinci döyüşü qələbə ilə başa vurub: "Döyüşdən sonra boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev oğlumu təbrik etməkdənsə, ona irad tutdu ki, sinəndə döymə var, ona görə də səni yığmaya götürə bilmərəm. Qeyd edim ki, oğlumun sinəsindəki döymənin kriminal aləmə heç bir aidiyyatı yoxdur. Adi döymədir. Bundan əlavə, məgər Faiq birinci döyüşə çıxanda sinəsindəki döyməni görmürdülər? Heç kim buna irad tutmadığı halda Elbrus Rzayevin belə bir mövqe tutması təəccüblüdür. Mən hələ demirəm ki, döymə insanın şəxsi işidir. Əksər idmançılarda döymə var və onlara bunu irad tutan yoxdur”.
Boksçunun valideyni deyib ki, baş məşqçinin bu iradı Faiq Mollayevdə gərginlik yaratsa da, o, çempionatda finala qədər yüksələ bilib: "Finalda rəqibi Elbrus Rzayevin tələbəsi Sübhan Babayev idi. Oğlumla Sübhan bir-birlərini çoxdan tanıyırlar. Döyüşdən əvvəl aralarında nəsə zarafat olub. Döyüşə 1 saata yaxın vaxt qalmış Sübhan bizə yaxınlaşaraq mənimlə görüşdü, sonra qəfildən oğluma yumruq zərbəsi endirdi. Mən tez araya girdim ki, davamı olmasın. Bundan sonra Elbrus Rzayevin yanına gedib baş verənləri onun diqqətinə çatdırdım. Elbrus Rzayev isə səsini qaldıraraq mənə "get işinlə məşğul ol” dedi. Mən Qarabağ veteranıyam, 44 günlük Qarabağ savaşının iştirakçısıyam. Döyüş görmüşəm. Ona görə də səbr edib bir də onun nəzərinə çatdırdım ki, baş verənlərlərlə bağlı tədbir görülsün. O yenə də mənə eyni şəkildə cavab verərkən, oğlum əsəblərinə hakim ola bilməyərək ona qarşı kobud ifadələr işlətdi”.
İman Mollayev əlavə edib ki, hakimlər boksçuları barışdırmaq istəsə də, Elbrus Rzayev buna mane olmağa çalışıb. "Dedi federasiya səni bağışlasa da, cəzanı çəkəcəsksən. Nə isə, bütün bunlara baxmayaraq oğlum final döyüşünə keçirdi və burada da haqsızlığa uğradı. Demək olar ki, hər kəs oğlumun üstün olduğunu söyləsə də, qələbəsini tanımadılar. Faiq ikinci yerə çıxdı və bu haqsızlıq onu sarsıtdı. Hətta kürsüyə belə, çıxmaq istəmirdi”, - Faiq Mollayevin atası vurğulayıb.
O daha sonra qeyd edib ki, məsələ ilə bağlı yuxarı instansiyalara da müraciət etmək niyyətindədir. "Çünki artıq Faiqin məşqçisi Zaur Məmmədova da təzyiqlər edilir. Hətta onu çalışdığı məktəbdən çıxarmaq istəyirlər”, - deyə İman Mollayev bildirib.
Fanat.Az baş verənlərlə əlaqədar Azərbaycan Boks Federasiyası ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, hadisə iki boksçunun münaqişə yaşaması nəticəsində yaranıb:
"Faiq Mollayev Azərbaycan birinciliyində final döyüşündən öncə rəqibi Sübhan Babayevi söyərək təhqir edib. Bununla bağlı İntizam Komissiyasına şikayət də daxil olub. Bu məsələyə baxılıb, lazımı qərar çıxarılacaq.
Finalda məğlubiyyətini qəbul etməyən Faiq Mollayev rinqin içində nalayiq hərəkətlər edərək, kapasını yerə atıb, əlcək və kaskasını rinqdən kənara ataraq boksçu etikasına zidd hərəkətlərə də yol verib. Sonradan mükafatlandırma zamanı ona verilən gümüş medalı qəbul etməyərək fəxri kürsünü tərk edib.
Digər məsələyə gəlincə, gənclərdən ibarət milli komandanın baş məşqçisi hansısa mükafatçıya yığmada yer almayacağını deməyib və hər birinə lazımı məsləhət və tövsiyələrini verib. Boksçunun atası isə Boks Federasiyasına hansısa rəsmi şikayət etməyib. Əgər hansısa şikayət olsa araşdırılıb, lazımı addımlar atılacaq".
Şərhlər