Mobil nömrələrin daşınması BAŞLAYIR

Mobil nömrələrin daşınması BAŞLAYIR

Gələn həftədən etibarən Avropa ölkələrində geniş yayılmış bir sistem ölkəmizdə də fəaliyyətə başlayacaq. Söhbət nömərlərin daşınması xidmətindən gedir. Yəni siz bir mobil nömrəyə sahib olmaqla, digər operatorların da xidmətindən istifadə edə biləcəksiniz. Bu sistemə keçidin həm də rabitə bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacağı proqnozlaşdırılır.

Bəlkə də artıq nömrəsinin mənsub olduğu operatorun xidmətindən razı olmayan bəzi abunəçilər indidən özləri üçün başqa mobil operatordan xidmət də seçiblər. Bu proses isə gələn həftədən mümkün olacaq.

Qeyd edək ki, mobil nömrələrin köçürmə xidməti dünyada xüsusilə də Avropada geniş yayılıb. MDB məkanında isə Azərbaycan bu sistemi tətbiq edən ilk ölkə olacaq. İqtisadçı ekspertlər də düşünür ki, sistemin tətbiqi mobil rabitə sistemində ciddi dəyişikliklər yaratmaqla yanaşı, qiymətlərə də təsirsiz ötüşməyəcək. 

Beynəlxalq təcrübəyə görə mobil köçürmə sisteminin tətbiqi mobil danışıqların qiymətlərində orta hesabla 10 faiz ucuzlaşmaya səbəb olur. Məsələn, Türkiyədə bu sistemə keçid bir ildə mobil tariflərdə 40 faiz ucuzlaşma ilə nəticələnib. Əvəzində isə keyfiyyət xeyli artıb. Azərbaycan isə mobil telefon tarifinin yüksəkliyinə görə MDB-də ilk 5-likdə qərarlaşıb. Ən ucuz danışıq tarifi isə Özbəkistandadır. Bu ölkənin sakinləri mobil danığışın hər dəqiqəsi üçün bizim pulla hesablasaq 1, 57 qəpik ödəməli olurlar. Bizim ölkə sakinləri üçün isə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 5, 49 qəpiyə başa gəlir. 

Mütəxəssislər hesab edirlər ki, ölkədə rouminq xidmət tarifləri də kifayət qədər yüksəkdir. Məsələn, Rusiyadan rouminq vasitəsi ilə Özbəkistanla 1 ABŞ dollarına 20-25 dəqiqə danışmaq mümkün olduğu halda Azarbaycanla 1 dollara cəmisi 3 dəqiqə danışmaq olur və eyni zamanda ölkədən xarici dövlətlərə zənglər də kifayət qədər bahadır. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov da deyir ki, yeni sistemə keçidin müsbət nəticələri özünü çox gözlətməyəcək.

Hələliksə mobil operatorlarla hüquqi müqavilələri imzalayan nazirlik son texniki tamamlama işlərini aparır və yaradılan müvafiq xidmət mərkəzində lazımi avadanlıqlar quraşdırılaraq sınaqdan keçirilir.(anspress.com)

XƏBƏRLƏR
BLOGLAR