Sağlamlıq 23:42 12.01.2018

Mobil telefonlar mikrob daşıyıcısıdır

Bəlkə də heç ağlınıza gəlməyib ki, hər dəqiqə ünsiyyətdə olduğunuz, həyatınızı onsuz təsəvvür etmədiyiniz telefonda mikrobların sayı tualetdə olan mikrobların sayından qat-qat çoxdur. Bu isə hər dəqiqə insan sağlamlığı üçün real təhlükədir.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, mobil telefonların üz səthində olan mikrobların sayı tualetdə istifadə olunan unitazların oturacaqlarında olan mikrobların sayından 5 dəfə çoxdur.

Məlum məsələdir ki, tualetlər hər istifadədən sonra yuyulur, müntəzəm olaraq  dezinfeksiya aparılır və bununla da  xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyi məhv edilir.

Bəs telefonlarda necə? Ən yaxşı halda telefonun üz səthini yalnız barmaq ləkələrindən təmizləmək naminə quru dəsmaldan istifadə olunur. Beləliklə də, telefonun korpusunda mikroblar üçün həmişə münbit şərait hökm sürür.

Belə ki, araşdırmalar zamanı telefonun səthində herpes, kandidoz, ekzema və digər xoşagəlməz xəstəliklərin fəal "yaradıcıları” aşkar edilib.

Hətta insanların sevimli əşyası olan mobil telefonlarda qızılı stafilokokk bakteriyası da aşkarlanıb. Qızılı stafilakokk orqanizmdə gizlənərək əlverişli şəraiti - immun sisteminin zəifləməsini gözləyir. Bu zaman o, həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də, bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət əldə etdikdən sonra daha təhlükəli olurlar.

Mobil telefonlarda yaşayan çoxsaylı mikrob və bakteriyalarla bağlı mütəxəssislər qeyd ediblər ki, insan telefonla o qədər sıx ünsiyyətdədir ki, həmin mikroorqanizmlər demək olar ki, elə insanın dərisində yaşayırlar.
 
Telefonlarda mikroorqanizmlərin inkişafının qarşısını almaq üçün mütəxəssislər məsləhət görürlər ki, ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün telefonlar xüsusi salfetlərlə, dezinfeksiya vasitələri ilə təmizlənməlidir. Əgər siz də, sevimli telefonunuzdan sevdiklərinizin səsini sağlam ruhla eşitmək istəyirsinizsə, vaxtlı-vaxtında profilaktik tədbirlər həyata keçirməklə özünüzü bu mikrob mənbəyindən sığortalayın.