Ekonomiks 11:28 18.08.2018

"S&P" və "Moody's" Türkiyənin kredit reytinqini aşağı saldı

"Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini aşağı salıb.

Qaynarinfo xəbər verir ki, əvvəl Türkiyənin reytinq səviyyəsi "Ba2" idisə, artıq "Ba3" səviyyəsinə, yəni "sabit"dən "neqativ"ə endirilib.

Açıqlamada bildirilib ki, Türkiyə rəsmiləri yaxın zamanda uyğun və səmərəli iqtisadi plan təqdim etsələr, kredit reytinqi yenidən balanslaşdırılacaq.

Həmçinin qeyd olunur ki, inflyasiyanın aşağı düşməsi və cari mənfəətin azalması kredit reytinqinə təsir edir. Əhəmiyyətli dərəcədə xarici maliyyə yardımı kredit reytinqi üçün dəstəkverici bir faktordur.
 
"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi isə Türkiyənin xarici valyuta ilə kredit reytinqini "BB-" səviyyəsindən "B+" səviyyəsinə endirib. Agentliyin məlumatında qeyd olunur ki, 2019-cu ildə Türkiyə iqtisadiyyatının kiçilməsi gözlənilir və Türkiyə hökumətinin açıqladığı yeni iqtisadi model spesifik iqtisadi təkliflərdən uzaqdır.