Siyasət 14:30 06.03.2020

Moskva razılaşması daha çox Rusiyanın maraqlarına xidmət edir (ŞƏRH)

"Atəşkəs rejminin daimi ola biləcəyi faktını söyləmək çox çətindir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşü şərh edərkən deyib. 

Onun sözlərinə görə, prezidentlər arasında keçirilən görüş çox kövrək atəşkəs haqqında razılaşmaya gətirib çıxardı:

"Amma bu razılaşma daha çox Rusiyanın maraqlarına xidmət edir. Çünki İdlib rejimin və Rusiyanın nəzarəti altında qalır. M-5 yolu rejimin nəzarəti altında olur, M-4 yolunu isə Rusiya ilə birlikdə Türkiyə nəzarətə götürür. İdlibin cənub hissəsində, yəni müxalifətin əsas silahlı dəstələrinin nəzarəti altında olan hissəsi də Türkiyənin nəzarəti altında qalır. Belə görünür ki, ruslar öz mövqelərinin, eləcə də Bəşər Əsəd rejminin qorunub saxlanılmasına nail ola bildilər. Əldə edilmiş atəşkəs rejminin daimi ola biləcəyini söyləmək çox çətindir. Çünki orada Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələri, BMT-in proseslərə nəzarəti ilə bağlı xüsusi nümayəndəsi də var”.

Qabil Hüseynlinin fikrincə, proseslər Türkiyənin tam təmin etməyən razılaşma ilə bitə bilməz:

"Burada Amerikanın və BMT-in də maraqları nəzərə alınmalıdır. Ölkədə hümanitar fəlakət yaranıb. Bu fəlakətin aradan qaldırılması üçün yollar axtarılıb tapılmalıdır. Qaçqınlar probleminin həlli ilə bağlı məsələlər real surətdə həll edilməlidir. Ölkə başdan-basa darmadağın edilib. Bunun bərpası üçün böyük vəsait lazımdır. Üstəlik əhalinin yarıdan çoxu yaşadığı yerdən didərgin düşüb. Bu məsələlər həll olunmayana kimi ölkədə hər hansı möhkəm sazişin bağlanacağını söyləmək çətindir. Müvvəqəti razılaşma əldə olunsa da, bu, Suriya probleminin həlli deyil”.    

Qeyd edək ki, martın 5-də Vladimir Putinlə Rəcəb Təyyub Ərdoğan arasında görüş keçirilib. Görüş 6 saata yaxın çəkib.

Bahar Rüstəmli