Ölkə 17:52 05.02.2014

Müdafiə naziri Qarabağ münaqişəsindən danışdı

Zakir Həsənov Ermənistan-Azərbaycan münaqişəsinin həllinin bölgə üçün vacibliyini vurğulayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və "Roketsan" şirkətinin baş direktoru cənab Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ans press-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

General-polkovnik Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyindən danışıblar.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.


Qaynar.info