Müdafiə Nazirliyi (MN) «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» qanun layihəsinin Milli Məclisdə növbəti oxunuşu zamanı orduya parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi, eləcə də media nümayəndələrinin ordu haqqında yazılarına qadağa qoyulması ilə bağlı fikirlərə cavab verib.
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, il ərzində Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları və ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif səpkili 67 tədbir və layihə icra olunub.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müxtəlif qurumlarla birgə ölkənin rayon və şəhərlərində 40-dan artıq hərbi-vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbir keçirilib.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Aparatı, Hərbi Prokurorluq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında imzalanmış iş planına uyğun olaraq hərbi hissələrə 15 dəfə səfərlər təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.
Bundan əlavə, 2017-ci ildə Hesablama Palatası tərəfindən Müdafiə Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə təfərrüatlı yoxlanılması da həyata keçirilib.
Cari ilin 11 ayı ərzində ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 1152 məlumat, 763 foto, 119 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə (KİV) ötürülüb, jurnalistlərin 124 sualı cavablandırılıb. Çəkilişlər aparılmasına 67 icazə məktubu verilib, keçirilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və aparıcı informasiya agentlikləri 70 dəfə tədbirlərə dəvət olunub.
Artıq üçüncü ildir ki, cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyi ilə "Dinc Dünya” araşdırma mərkəzinin "Savaş jurnalistikası təlimləri” adlı birgə layihəsi keçirilir ki, buraya da yüzlərlə media nümayəndəsi cəlb olunur.
Nazirlər Kabinetinin 14 avqust 2015-ci il qərarının icrası ilə əlaqədar 50-dən çox yerli və xarici media nümayəndəsi Müdafiə Nazirliyində akkreditə olunub.
Müdafiə nazirinin təşəbbüsü ilə il ərzində bütün hərbi hissələrdə 3 dəfə ənənəvi "Açıq qapı günü” keçirilib. Bu ayın sonlarında növbəti "Açıq qapı günü”nün keçirilməsi planlaşdırılır.
Şərhlər