Orxan Saffari
phrase_var_qaynar. 10:43 13.11.2020

Müharibədən əvvəl və sonra...

Orxan Saffari

Müharibədən əvvəl də, sonra da ortaya çıxan bir çox söhbətlərin də xəmirinin az su aparmadığını çox görmüşük. İndi fərqi yoxdur bu söhbətlər nə qədər mənalı, dolğun söhbətlərdir, amma bütün hallarda ortaya iyrənc mənzərələr də çıxır ki, bunun da hamımız şahidi oluruq.

Əvvəla, Azərbaycan xalqını fürsətdən istifadə edib bir daha təbrik edirəm ki, Qarabağ savaşı sona çatdı və biz qalib gəldik. Haqqımız olanı aldıq.

Bəs, məni bu məsələlərin fonunda incidən nədir? Deyim. Bizim maraqları gözdən salmağa çalışan, qələbəyə kölgə salan, katalizatorluq edənlər və.s. Hansı ki, bu adamlar haqqında zaman-zaman yazmışam. Az-çox onların kimlərdən ibarət olduğunu bilirsiniz. Amma ortada kölgədə qalan bir məsələ də var ki, o da bu qələbəni başqa yerlərə çəkən, əzmimizi sındırmağa çalışan İran təmayüllü, fars aşiqi olan şəxslərdir. Hansı ki, onlar elə müharibə gedə-gedə də şəhidlərimizin ölməsini dinə bağlayır, bunu hansısa dini hadisələrlə əlaqələndirir və başqa faktorları lənətləyirdilər.

Məsələn, mənim şəhid ateist dostumun cənazə törənində israrla onun Əhli-beyt yolunda şəhid olduğunu dedilər. İmam Hüseyn yolunda vuruşduğunu bildirdilər.

O gün Şuşada əsgərimiz azan verdi. Sevindim. Fərəhləndim. Bu, o inanclı əsgərin haqqıdır, amma o demək deyil ki, götürüb bunu da ancaq dinə bağlayasan, bu yolda olduğunu deyəsən. Biz torpaq davası etmişdik, din davası yox. Biz haqq yolunda vuruşurduq, İmam Hüseyn yox.

Bu torpaqlar hamımızındır. Dindarın da, ateistin də, liberalın da, humanistin də. Və s. Hamının. Amma bu həm də o demək deyil ki, bunu öz arşınınla ölçəcəksən.

Bu müharibə də ən çox qabarılan məsələlərdən biri də İsrail məsələsi idi. O da elə məhz farsmeyillilər tərəfindən. Diqqət etdinizsə, bu adamlar heç cür həzm edə bilmədi ki, İsrail bizim yanımızdadır. Onlar burda da məkrli nələrsə axtardılar.

O cümlədən elə Türkiyə barəsində də. Amma əvəzində nə edirdilər? İranı önə çəkir, guya ki, onların bizə dəstək verdiyini bildirirdilər. Amma hamımız nəyin nə olduğunu yaxşı bilirik, görürük, gördük də. Bütün hallarda gözləri din toru örtmüş bəzi adamlar heç nəyin fərqinə varmadılar.  

Onlar məsələn bilmədilər bu, həmin İsrail idi ki, bizə daim dəstək durub. İndi siyasi maraqları bir qırağa qoyaq. Bunlar aydın məsələdir. Amma ortada bir fakt var, o da İsrailin bütün hallarda bizim yanımızda olmasıdır. Ta əvvəllərdən. Özüm bir az araşdırma etdim, öyrəndim, oxudum, faktlara baxdım. Ortaya elə gözəl mənzərələr çıxdı ki, o adamların niyə bu qədər beyninin yuyulmasına sadəcə və sadəcə üzüldüm.

Məsələn, Azərbaycanda heç rabitə sisteminin belə olmadığı bir zamanlarda Bakcell şirkətinin yaradılması və Azərbaycanda ilk mobil operator olması. İndi ölkə büdcəsinə gələn gəliri hesablasaq, gör, hara vurub çıxır. Bakcell İsrail şirkətidir. Neft ehtiyacının 40 faizini bizdən - Azərbaycandan qarşılamağı da başqa bir məsələ. Və elə yeganə müsəlman ölkəsi bizik ki, əməkdaşlıq edirik.

Tarixi məsələlərə gələndə.

1992-ci ildə Ermənistana qarşı 822 saylı Qətnamə qəbul olunan zaman, BMT Təhlükəsizlik Şurasının sədri həmin vaxt İsrail idi və bu qətnamənin qəbul olunmasında birbaşa rol oynamışdı. Qətnamədə Ermənistanın dərhal Azərbaycan torpaqlarından çıxması əmr olunurdu.

Avropa, ABŞ-ın, Belarusun, hətta Ukrainanın belə Azərbaycana yerüstü silahların satılmasından imtina etdiyi bir vaxtda, Azərbaycana dünyanın ən müasir, güclü silahlarını satmağa razılıq vermişdi ki, məhz elə bu gün də bunun faydasını gördük. İsrail istehsalı "Harop” bəsdir elə.

"Arrow” anti-ballistik raket sistemi, Barak-8 zenit-raket kompleksi, ORBİTER 2M, Aerostar kimi pilotsuz uçuş aparatları və sair silahlar da o cümlədən İsrail istehsalıdır.

Və bunların fonunda verdiyi mənəvi dəstəklər, dediyi sözlər. Məsələn, baş nazirinin dediyi bu söz:

"Azərbaycanla müharibə edən heç bir dövlətə silah satmarıq".

İsrail həm də bir çox ştatlarda Xocalı soyqırımının tanınmasında əhəmiyyətli rol oynayıb.

Mən özüm Azərbaycanda yaşayan bir çox yəhudinin bizləri necə sevdiyinin, dövlətimizi, müstəqilliyimizi necə dəstəklədiyinin şahidiyəm.

Milli Qəhrəmanımız yəhudi əsilli Albert Aqarunov...

Tək Albertlə də bitmir. Bu torpaqlarda döyüşən o qədər yəhudi var ki.  Rəfayel Simaxov, Samir Xanukayev, Baxşı İsayev, Сəvahir Hayimov və sair.
 
Elə bu yaxınlarda, müharibə zamanı Avropa Liqasında İsrailin "Makkabi” klubuyla "Qarabağ”ın oyunu keçirilən zaman "Qarabağ” futbolçuları Təl-Əvivdə  "Qarabağ Azərbaycandır" şuarı ilə qarşılanmışdı. İndiyə qədər heç bir ölkə Qarabağın komandasını bu cür qarşılamayıb. Bunları heçəmi sayaq? Bunlar az şeydirmi?

İsrailin keçmiş Müdafiə Naziri Aviqidor Liberman bir çıxışında: "Haqq-ədalət Azərbaycanın yanındadır. Son nəfəsimizə qədər Azərbaycanın yanındayıq, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyüdür! İsrail heç vaxt və heç bir zaman Azərbaycan  ərazisini status-kvo kimi tanımayacaq", - dedi.

Bu sözləri İran dedimi? Dedi, hə. Axırdan-axıra xala xətrin qalmasın "Ermənistan işğal olunmuş ərazilərdən çıxmalıdır”ı elə dedi ki, deməsə, ondan urvatlı idi.  Hə. Bəs, nədir bu? Din lənətləyib, hə? Bəs, maraqlar? Bəs, torpaqlar? Axı, o din bizə torpaqları qaytarmır, axı, bu, dua ilə olası iş deyil, burda Azan səsi ilə yanaşı PUA səsi də lazımdı axı.

Amma mən onu da yaxşı bilirəm ki, xeyri yoxdur. Bu adamlar özləri ayılmaq istəməyənə kimi mümkün deyil. Bu qədər fakt qoyursan, deyirsən, deyir, nolsun, Allah belə deyib. Deyirsən, gör də, bax, al, bu da fakt. İranın etdiyinə bax, gör, necə dəstək verir. Deyir, təxribatdı, göründüyü kimi deyil, səhv başa düşürsünüz və s.

Amma dediyim kimi, hamı hər şeyin nə olduğunu yaxşı bilir. Odur ki, bir nəfər kimi bu şanlı savaşda bizim yanımızda necə lazımdı durduğu üçün başqa İsrail, Türkiyə olmaqla digər dövlətlərə, Pakistana, Ukraynaya da təşəkkür etməli, onlarla olan münasibətləri daha da dərinləşdirməliyik. Ən kiçik yaxşılıq belə nəzərə alınmalıdır. Amma mövqeyi bəlli olmayan dövlətlərlə də aydın məsələdir. Bunu elə prezident də çıxışında dedi ki, sabah bu dövlətlər hansı üzlə bizdən yardım istəyəcəklər?

Dövlətlərlə məsələ başqa, onu rəsmilər həll eləsin, amma çalışın, özünüzün bir üzünüz olsun.

Oxşar xəbərlər