Ekonomiks 22:14 04.04.2020

Müqaviləsiz işləyən vətəndaşlar yardım alacaqmı? (ŞƏRH)

"Çox təəssüf edirəm ki, gündəlik çörək puluna işləyənlər dövlətin yardım proqramından kənarda qaldı".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli koronavirus pandemiyası ilə əlaqədar Baş nazirin vətəndaşlara yadımla bağlı tədbirlər planını şərh edərkən deyib. 

Ekspert bildirib ki, təxminən 1 milyon 500 min müqaviləsiz işləyən vətəndaş var: 

"Bunların bir çoxu ictimai iaşə obyektlərində, xidmət sektorunda, turizm və tikinti sahələrində işləyir. Bu sahələr tamamilə bağlanıb. Onların sayları dəqiq bəlli deyil deyə, qeydiyyatı ilə bağlı problemlər var. Bir çoxlarının qeydiyyatı rayondadır, amma Bakıda yaşayırlar, yaxud da bir rayonda qeydiyyatda olsa da, başqa bir rayonda yaşayırlar. Bu insanların umumi sayı ilə bağlı məlumat yoxdur".

Natiq Cəfərli qeyd edib ki, inkişaf etmiş bir çox ölkələr belə fərq qoymadan bütün vətəndaşlarına birdəfəlik yardım edib:

"Azərbaycanda da bunun bir sənədləşdirilməsinin hesabatlığının aparılması üçün zaman yoxdur. Buna görə düşünürəm ki, dövlət bütün vətəndaşlara şamil olunacaq qərar verməlidir. Onlar Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı olan hər kəsə birdəfəlik maddi yardım almaq üçün imkan yaradılmalıdır. Ən azı 250 manat səviyyəsində yardım alsalar, bu da onların iki ay müddətində  dolanışığını təmin edər".

Qeyd edək ki, Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

Bahar Rüstəmli