Foto 13:48 03.11.2017

Murtuza Muxtarovun imarəti, böyük şairin ev muzeyi (REPORTAJ)

Rusiyada olduğum müddətdə ünsiyyətim ancaq yaşlı insanlarla idi. 70-dən çox yaşları olan Nadejda xanım və mənim aşiqim olan 50 yaşlarında yaraşıqlı bir kişi.
 
Uzun ağ saçlarını arxadan yığan və uzun qaşlarını öyrəşmədiyimiz şəkildə yuxarı qaldırmış, mavi gözlərində bizim uzun zaman görməyə alışmadığımız parlaq ifadə. Bir dəfə adını bilmədiyim bu adam mənə yaxınlaşıb, salam verdi. Oxuduğum kitabın adını soruşdu və bir az söhbət etdik. Şeirləri sevdiyimi dedikdə, Sergey Yesenini tanıyıb-tanımadığmı soruşdu. "Yox" dedim. O isə "Yesenin sənin adına da şeir yazıb" deyərək bu misraları səsləndirdi:
  
Mən bu gün sərrafdan soruşdum,
1 manata yarım gün üçün nə verirlər?
Necə deyim mənim gözəl Laləmə
Fars dilində incə "sevirəm"i?

Bu misraları dinlədikdən sonra məndə Sergey Yeseninə qarşı xüsusi sevgi hissləri yaranmağa başladı. Həyat və yaradıclığını araşdırdım. Məlum oldu ki, böyük qəlbli şair Azərbaycanı Rusiyadan sonra ikinci ana vətəni hesab edib. Yaradıcılığının məhsuldar dövrü də məhz Azərbaycanda keçib.
 
Bütün bunları sizə danışmaqda məqsədim Yesenin həyat və yaradıclığını qeyd edətmək deyil. Azərbaycanda keçmişin aurasını, böyük şəxsiyyətlərin dərdlərini, sevgilərini, həyatlarını bölüşdüyü ev muzeyləridir. Qeyd etdiyim kimi, Sergey Yesenin Bakıya bir neçə dəfə səyahət edib və bu səyahətlərindən biri də Mərdəkana olub. Bu gün sizi də özümə qoşob böyük şairin qonağımız olduğu Mərdəkana qısa bir səyahətə dəvət edirəm. 
 

Hazırda Dendrologiya İnstitutu kimi fəaliyyət göstərən bu məkan 1895-1920-ci illərdə isə neft milyonçusu, böyük xeyriyyəçi Murtuza Muxtarovun şəxsi bağ evi olub. Bakının səs-küylü küçələrini, tozlu havasını buraxıb bir neçə saatlıq təbiəti hiss etmək üçün Dendroloji parka üz tutmaq həm büdcənizə, həm də əsəblərinizə çox yaxşı təsir edə bilər. Reportaj məqsədi ilə üz tutduğum bu məkandakı bir neçə saatda çox gözəl bilgilər əldə etdim, həm də mənəvi rahatlıq qazandım
 
Parka giriş iki manatdır. Elə içəri girdiyiniz an yaşıl bir aləmə düşəcəksiniz. Bələdçiyə və artıq sözlərə ehtiyac olmadan səyahət sözünü izləyərək ilk dəfə görəcəyiniz bitkilərdən və tarixin qatlarında özünə yer etmiş bu bağdan zövq almağa başlayacqsınız. Ağacların arası ilə yeridikcə özümü vladiqafqazlı general Tuqanovun ortancıl qızı və Murtuza bəyin həyat yoldaşı Liza Tuqanova kimi hiss edirəm. Təbiətdən uzaqlaşıb, hündür binaların arasında kiçilən və məhv olan ruhum birdən-birə bu yaşıllığın içində öz kübarlığı ilə ortaya çıxıb tarixin görünməyən üzlərinə səyahətə başladı.
 
Bura gələrkən məqsədim Sergey Yesenin ev muzeyini görmək idi. Ona görə də bağ evini görməzdən əvvəl bu üç otaqlı kiçik mənzilə yollandım. Bir zamanlar Yeseninin İran zənn edib gəldiyi Mərdəkan Əliağa Vahidlə tanış olduğu, gəzdiyi, bir-biri ilə eyni - ədəbiyyat dilində danışdığı bu məkanda şairin yaradıclığının ən gözəl nümunələrindən olan "Fars Motivləri" yazılıb. Bələdçinin dediyinə görə, Yesenin uzun müddət buranı İran zənn edib. Bir dəfə çayxanada çayını içib, ödəniş etmək istədiyi zaman ona hesabının ödənildiyini deyirlər. Yesenin təşəkkür etmək üçün bu adamın kimliyini soruşur və beləcə Əliağa Vahidlə, onun timsalında qəzəllərlə, muğamla, tar-kamanla və sevdiyi "Bayatı-Şiraz"la tanış olur. 
 

Yeseninin evindən çıxıb, məni qoynuna aldığı istiqamətdə bağda səyahətimə davam etdim. Budur azərbaycanlı milyonerin ev muzeyi. Əsl milyonerə layiq bu evin qapısının qarşısında durduğum zaman gözümün önündə Murtuza bəyin qapısından içəri girən yaşlı, amma qıvraq bir qulluqçu canlandı. Deyəsən şam yeməyi üçün hazırlıq gedir evdə deyə, düşündüm. Qapıdan içəri keçdikdə isə bu insandan yoxsul evin boşluğunda bir səs "Murtuza Muxtarova qalmayan dünya, sizə də qalmaz", deyir astaca. Binanın içinə girməsəm də, evin 1 əsrlik xatirələri ilə salamlaşa bildim.
 
Bağ evini "kotik" üslubunda "gəmi" formasında layihələndirmişdi bəy. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarərdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün iki mərtəbəli bina ucaldılıb. Binada akustika və venetsiya sistemi vardı. 
 

Murtuza Muxtarov Abşeron yarımadasını gəzib dolşıb və bu ərazini özü üçün uyğun hesab edib. Hətta bəy Lənkarandan bura gəmi-gəmi torpaq gətirib ki, torpağın qalınlığını 60-80 santimetr artırsın.
 
Bağda su hovuzları ilə yanaşı, 6 süni şəlalə ilə qarşılaşıram. Dendrologiya İnstitunun tarixini əks etdirən, inşası hələdə hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi var. Quyuların diametri 8–13 m, orta dərinliyi isə 36 m təşkil edir. 
 

Bağ evindən uzaqlaşdıqca diqqətimi Şimali Amerika, Afrika, Avstraliya kimi ölkələrdən gətirilmiş və ilk dəfə gördüyüm ağaclar çəkir. Orda payızla mübarizə aparıb yaşıllığına sadiq qalan ağaclarla yanaşı, sarı, narıncı yarpaqları ilə ətrafı işıqlandıran ağaclar da var. Hava qaralmağa başlayırdı, amma bu bağa gəlib, armudu stəkana bir dilim limon atıb, pürrəngi çay içmədən çıxsaydım, nəsə yarımçıq qalacaqdı. Elə parkın ortasında kiçik bir kafe də var. Çay sifariş edib, hündür və əzəmətli ağacların altında çayımı da içib, ötənlərin xatirəyə döndüyü bu məkandan yavaş-yavaş uzaqlaşdım...
 
Bu qədər məlumatdan sonra inanıram ki, artıq "Hara gedək" sualınıza cavab tapmış oldunuz.
 
Lalə Niftaliyeva 
Qaynarinfo.Az