Siyasət 11:13 28.03.2013

“Müsavat hakimiyyətə işləmir” - CAVAB

“Müsavat hakimiyyətə işləmir”

“İsa Qəmbərin gənclərlə görüşündə partiyalar haqqında söylədiyi fikir birinci dəfə söylənilmir. İsa bəy müxtəlif vaxtlarda bu tipli çıxışlar edib. Burada heç bir irad yoxdur”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Məşvərət Məclisinin iclasında Müsavat haqqında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. 

Başqan müavininin sözlərinə görə, İsa bəyin çıxışından hər kəs öz payını götürüb: “İsa Qəmbər çıxışında heç bir partiyanın adını çəkməyib. Müsavat başqanının bu fikirləri onlara aid deyilsə, müzakirə etməsinlər, öz işləri ilə məşğul olsunlar. Əgər bu fikirləri özlərinə aid edirlərsə, deməli, nəsə var. Bunu müzakirə etməkdənsə, işlərini xalqın, millətin mənafeyi uğrunda qursalar, daha yaxşı olar”.

G.Aslanlı qeyd edib ki, Müsavat Partiyası heç vaxt hakimiyyətə işləməyib: “Azərbaycandakı siyasi partiyalara, ölkədə yaşayan millətlərə, xalqlara məlumdur ki, Müsavat Partiyası heç vaxt hakimiyyətə işləməyib, hakimiyyətlə danışıqlara getməyib. Müsavat həmişə özünün müəyyən bildiyi düzgün xətlə fəaliyyətini davam etdirib, bu xətt də Azərbaycan xalqının mənafeyinə xidmət edib. Ona görə də kimin necə düşünməsi bizi az maraqlandırır”.

Qeyd edək ki, martın 26-da Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) toplantısı keçirilib. İclasda Məşvərət Məclisinin Sədrlər Şurası təəssüf hissi ilə bildirib ki, bir sıra təşkilatların dar çərçivədə guya müxalifəti birləşdirmək adı altında yaratmaq istədikləri birliklər əslində müxalifətin birliyinə deyil, parçalanmasına xidmət edir: “Son günlər Müsavat başqanının müxalifət partiyaları haqqında dedikləri, yəni onların xarici ölkələrin təsiri altında olduqları, hətta ad çəkməsə belə, cəmiyyətin siyasi partiyalara inamsızlığına xidmət edir və hakimiyyətin müxalifətə qarşı sərt mövqe tutmasına rəvac verir”.

İlkin
Qaynar.info