Siyasət 11:58 05.09.2013

Müsavatdakı dava ilə bağlı AÇIQLAMA

Dünən Müsavat Gənclər Təşkilatının iclasında dava düşüb. İclasda bir müddət əvvəl Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələrinin Müsavat Divanı tərəfindən ləğv olunması məsələsi müzakirə edilirmiş.
Müzakirələr zamanı tərəflər arasında qızğın mübahisə baş verib və bu sonradan davaya çevrilib.
Dava zamanı hətta Müsavat Gənclər Təşkilatının fəal üzvü, Günel Rəhimli də döyülüb.
Müsavat Partiyasının funksioneri Tural Abbaslı dünən partiyada dava düşməsi xəbərinə münasibət bildirib.
T.Abbaslı Qaynar.info-ya açıqlamasında deyib ki, dünən Müsavat Partiyasının qərargahında heç bir gərginlik olmayıb: “Son günlər səhhətimdə problemlər olduğundan qərargaha getmirəm. Amma deyə bilərəm ki, orada dava olması, guya kiminsə partiya divanını və İsa Qəmbəri təhqir etməsi kimi informasiyalar yalandır. Mən özüm də divan üzvüyəm. Müsavat Partiyasında kimsə xanım jurnalistə əl qaldırmayıb, qaldıra da bilməz. Kimsə bu şayiəni buraxıb, mətbuat orqanları da bunu yayıb. Burada Əhəd bəyin adı hallanır. Hamı onu tanıyır və bilirlər ki, Əhəd bəy belə hərəkətlər etməz. Hamı bilir ki, Müsavat Partiyasının Gənclər təşkilatına seçkilərlə bağlı müzakirələr gedir. Yenə də deyirəm, belə bir halın baş verməsinə inanmıram. Amma belə hadisə baş veribsə, bu, mətbuatda deyil, partiyanın xüsusi strukturları tərəfindən araşdırılmalıdır”.
T.Abbaslı qeyd edib ki, belə informasiyaların yayılması təxribatdır: “Hamı bilir ki, aparıcı partiya “Müsavat”dır. Belə bir məqamda partiya başqanının adını hallandırmaq sıradan bir şaiyəyə oxşamır. Bunu təxribat kimi də qiymətləndirmək olar”.
Müsavat Gənclər təşkilatının üzvü Günel Rəhimli ilə əlaqə saxladıq. O bildirdi ki, bu məsələ partiyadaxili məsələ olduğundan mətbuata açıqlama vermək istəmir.
İlkin
Qaynar.info