Siyasət 13:33 05.03.2014

Müsavatdan AXCP-yə dəstək

Müsavat Partiyası AXCP-nin qərargahdan çıxarılmasını pisləyən bəyanat yayıb. 

Patriyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, son günlər ölkədə baş verən bir çox hadisələr hakimiyyətin müxalifətə qarşı təzyiqlərinin daha da artmasını təsdiqləyir. Bu səbəbdən 3 mart 2014-cü il tarixində AXCP-nin mərkəzi qərargahının zirzəmisində sübh saatlarında baş verən  partlayışın da təsadüfi olmadığı ehtimalı yaranmışdı. AXCP yetkililərinin yaydığı məlumata görə, onların icarəyə götürdükləri qərargahın sahibinə bir neçə dəfə AXCP-ni bu binadan çıxarması tələb olunub. Əks təqdirdə, bu binada yanğın və ya partlayış baş verəcəyi bildirilib. 

“Bu gün yayılan məlumatlardan aydın olur ki, partlayış nəticəsində binanın qəza vəziyyətinə düşdüyü iddiası ilə icra hakimiyyəti və polis qüvvələri AXCP rəhbərliyindən bu binanın boşaldılmasını tələb edib və binanın boşaldılmayacağı təqdirdə zor tətbiq ediləcəyi ilə hədələyib. 

Müsavat Partiyası baş verən bu hadisələrin AXCP-yə qarşı repressiyaların davamı olduğunu, siyasi partiyaların fəaliyyətinə mane olmaq üçün həyata keçirildiyini bəyan edir. Müsavat Partiyası AXCP-nin icarəyə götürdüyü ofisdən çıxarılmasını qətiyyətlə pisləyir. Müsavat Partiyası bu təxribatın həm də mülkiyyət hüququnun pozulmasına yönəldiyini xatırladır. Partiya bu qanunsuz addımlara son qoyulmasını, AXCP-nin normal fəaliyyətinə imkan verilməsini, partlayış nəticəsində mülkiyyətçiyə və icarəçiyə dəyən zərərin ödənilməsini, partlayışı törədənlərin müəyyənləşdirilərək qanun qarşısında məsuliyyətə cəlb edilməsini  tələb edir”.

Qaynar.info