Dünya 11:44 03.09.2017

Myanmadan qaçan müsəlmanların sayı 60 minə çatdı

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Myanmadakı münaqişələr səbəbindən Banqladeşə qaçan müsəlmanların sayının 58 minə çatdığını açıqlayıb.

"Qaynarinfo" BBC-yə istinadən bildirir ki, Banqladeş hökuməti girişə qadağa qoysa da, sərhəd xidməti müsəlmanların zaman-zaman keçmələrinə icazə verir. İnsan Hüquqlarının Müdafiəsi cəmiyyətləri də təxminən 10 min mühacirin iki ölkə arasındakı sərhədə toplaşdığını bildirirlər. Əgər bu insanlar da sərhəddi keçsələr, o zaman mühacir sayının 70 minə çatacağı və vəziyyətin daha da pisləşəcəyi qeyd olunur.


BMT qaçan insanların sığındığı bölgələrdə qida və tibbi yardım problemlərinin ortaya çıxdığını açıqlayıb.

Myanmanın qərbində yerləşən Arakan əyalətində 1 milyondan çox müsəlman yaşayır və əhalinin böyük bir qisminin buddistlərdən ibarət olduğu bölgədə müsəlman əhali vətəndaşlıq da daxil olmaqla bir çox hüqquqlardan məhrumdurlar. Ötən ilin oktyabr ayından başlayan münaqişələr səngisə də, avqust ayından etibarən 20-dən çox həbsxanaya edilən hücum səbəbilə iğtişaşlar yenidən qızışıb. Hücumun məsuliyyətini öz üzərinə götürən Arakan Rohingya Qurtuluş Təşkilatı (ARSA) bunu hökumətin müsəlman əhaliyə verdiyi zülmə qarşı etdiklərini açıqlayıb. Myanma hökuməti isə ARSA-nı terror təşkilatı elan edib və ölkədə müsəlman əhaliyə qarşı heç bir təzyiqin olmadığını bildirib.

Hökumət mətbuata açıqlamasında münaqişələrin başlamasının əsas səbəbkarı kimi ARSA-nı günahlandırıb və terror təşkilatının müsəlmanlara aid 2 min 400 evi yandırdığını qeyd edib. Lakin İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı bunun Myanma hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən edildiyini söyləyib. Təşkilat peyk görüntülərinə və Banqladeşə qaçan müsəlman əhali ilə aparılan danışıqlara əsaslanaraq, vəziyyətin acınacaqlı olduğunu bildirib.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Vivian Tan mətbuata açıqlamasında Banqladeş ilə Myanma sərhəddində yerləşən Naf çayı sahillərində çadır şəhərciklərinin qurulduğunu və burada məskunlaşan insanların düşərgələrə yerləşdirilmələrini gözlədiklərini deyib.

"Düşərgələr demək olar ki, dolub və gələnlərin sayı getdikcə artır. Yaxın günlərdə daha böyük yerə ehtiyacımız olacaq", - deyə Tan bildirib.

O, düşərgələrdə çoxlu sayda hamilə qadınların və xəstələrin olduğunu, bu səbəbdən də qida və tibb ləvazimatlarına böyük ehtiyac yarandığını vurğulayıb.

Dünya Qida Proqramı isə qarşıdurmaların qızğın olduğu Arakan əyalətinin şimalında qida paylama proqramını təhlükəsizliyin olmaması səbəbindən təxirə salmaq məcburiyyətində qaldıqlarını açıqlayıb.

Açıqlamada 250 min nəfərə təşkilat tərəfindən yardım ayrıldığı, lakin bu yardımların çatdırıla bilməməsi səbəbindən böyük problemlər ortaya çıxacağı bildirilib.

Çingiz Səfərli

Qaynarinfo.Az