Siyasət 00:34 29.05.2014

Nalbandyan 7 rayonun qaytarılmasından danışdı

Bu gün İrəvanda jurnalistlərlə görüş keçirən Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Azərbaycanın silahlanmasından xüsusi narahatlıq duyduğunu gizlətməyib. 

Axar.az xəbər verir ki, o, Azərbaycanın sürətli silahlanmasının və müharibə hazırlıqlarının konfliktin həllinə yardım etməyəcəyini söyləyib. Fikrini həmçinin ATƏT-in Minsk Qrupu üzvlərinin də Azərbaycanın silahlanmasından narahatlıq ifadə edən açıqlamaları ilə əsaslandırmağa çalışıb. 

Maraqlı məqam isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı sual olub. Nalbandyan Dağlıq Qarabağ ətrafında işğal altında olan Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı beynəxalq təzyiq və bununla rəsmi İrəvanın razılaşması barədə suala cavab olaraq bildirib ki, bunun üçün ilk növbədə ATƏT həmsədrlərinin beş bəyanatını nəzərdən keçirmək lazımdır. "Həmsədrlərin 5 bəyanatı" deyəndə nəyi nəzərdə tutduğuna Nalbandyan açıqlama verməyib. 

O həmçinin Ermənistanın Avrasiya İttifaqına rəsmən qoşulacağı xəbərinə də cavab verib: “Əgər imzalamağa hazırlaşsaydıq, bəyan edərdik”. 

Xatırladaq ki, Avrasiya İqtisadi Şurası mayın 29-da Astanada yığıncaq keçirəcək.

Qaynar.info