Siyasət 12:13 26.02.2014

Nardarandan Zeynəb Xanlarovaya dəstək

“Zeynəb xanım tamamilə haqlıdır. Biz onun çıxışını, Nardaranda yaşanan problemləri qabartmasını alqışlayırıq”.

Bu sözləri günxeber.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov fevralın 25- də Zeynəb Xanlarovanın Milli Məclisdəki məlum çıxışına münasibət bildirərkən deyib  

Onun sözlərinə görə, Zeynəb Xanlarovanın Milli Məclisdəki məlum çıxışı tək Nardaranda deyil, ümumilikdə bütün ölkədə baş verən məmur özbaşınalığına olan münasibət idi:

“Yolları bağlamaq, Allahın insanlara bəxş etdiyi dənizin zəbt etmək olmaz. Bu məmurlar da sözün əsil mənasında dənizi zəbt ediblər. Bundan əlavə orada bizim mentalitetimizə, adət-ənənələrimizə uyğun olmayan nə xanalar və xanalar tikiblər. 

Orada nə işlərin görüldüyü də hər kəsə məlumdur. Zeynəb xanım da haqlı idi bütün bu problemləri qabartmaqda. Biz onun dünənki çıxışını alqışlayırıq. Çünki heç kimin, heç bir məmurun haqqı yoxdur ki, öz ata malı kimi dənizin qarşısını kəssin, insanları bu gözəlliyi seyr etməkdən məhrum etsin. Bu düzgün hərəkət deyil. Məmurların bu özbaşınalığı sonda etirazlara gətirib çıxaracaq.Ancaq Zeynəb xanımın dünənki çıxışı tək Nardarana aid deyil. Bu çıxış Azərbaycanda olan vəziyyətin heç də yaxşı olmadığının göstəricisi idi. Zeynəb xanım da buna görə məmurlara öz etirazını bildirirdi ki, nəinki Nardaranda, hətta bütün ölkədə vəziyyət pisdir”.

Daha sonra işıq, qaz problemlərindən danışan Məşədi Natiq Kərimov hazırda Nardaranda elektrik enerjisinin olmadığını bildirdi: “Hal-hazırda sizlə danışdığım dəqiqədə bizdə işıqlar yanmır. İki saat olar ki, işıqlarımız keçib. Ancaq ümumilikdə əvvəlki vaxtlarla müqayisədə indi işıqlarımız normal yanır. Amma qaz problemimiz hələ də qalır. Nardaran və ətraf kəndlərə doğru-düzgün qaz vermirlər, bizi qazla imtahana çəkirlər. Ona görə də mən Zeynəb xanıma təşəkkür edirəm. O, insanların ürəyindən keçən sözü dedi”.

Qaynar.info