Ölkə 15:16 31.01.2018

Nasistlər Züleyxa İsmayılovanı ölkədən qovmaqla hədələyib

Tallinin vitse-meri, əslən azərbaycanlı Züleyxa İsmayılova onu ölkədən qovmaqla hədələyən estoniyalı millətçilərin ittihamlarından bezib.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Estoniya KİV məlumat yayılıb.   

İsmayılova "Facebook” səhifəsində EKRE partiyasının üzvü Oliver Bekkerdən bir növ "nifrət məktubu” aldığını bildirib.

"Yeni dostum peyda olub - EKRE nasisti. Əvvəllər də nifrət məktubu alırdım, ancaq bu, daha əlamətdardır. İndiyə kimi məni ölkədən qovmaqla heç kimi hədələməmişdi”, - deyə İsmayılova yazır.

İsmayılova məktubun mətnindən çıxarış edərək, yazıya əlavə edib.

"Qorxunc bir hadisənin baş verməsini istəmirsinizsə, bizim torpaqdan gəldiyiniz yerə rədd olub gedin. Əks halda, Yaşıllar Partiyasının bütün üzvlərinin həyatını cəhənnəmə çevirəcəyik. İsmayılova, Sizdən və bütövlükdə Yaşıllar Partiyasından canımız qurtarana kimi dayanan deyilik. Sizə göstərəcəyik. Bu, hələ başlanğıcdır”, - deyə "nifrət məktubunda” qeyd olunur.

Məktubun müəllifi Bekkerin 2016-ci ildən EKRE partiyasının üzvü olduğu bildirilir.