Hüseynbala Səlimov
Siyasət 10:42 27.02.2018

NATO içrə doğmalar və ögeylər

Hüseynbala Səlimov

Əvvəlcədən bilmək lazım idi ki, ABŞ-ın Rusiya hərbi-sənaye kompleksilə əməkdaşlıq edən dövlətlərə qarşı sanksiya tətbiq etmək qərarının bir ünvanı da Türkiyə olacaq. Məsələ bundadır ki, Ankara bir müddətdir, Moskvadan S-400 kompleksləri almaq üçün ciddi iş aparır və demək lazımıdır ki, işin artıq mühüm hissəsi görülüb, hətta maliyyə öhdəliklərinin icrasına da başlanılıb. 

Ona görə də bu günlərdə Türkiyəyə qarşı da sanksiyaların tətbiq edilə bilməsi haqda eşidəndə elə də təəccüblənmədik, hərçənd ki, bu xəbərlər hələ qeyri-rəsmi ampluadadır və ABŞ-ın rəsmi dairələri tərəfindən təsdiqini tapmayıbdır. Amma hamı bilirdi ki, ABŞ, eləcə də digər NATO ölkələri lap əvvəldən sövdələşmənin əleyhinə idi. 

Fəqət, bunun da iki cür əleyhinə olmaq mümkün idi. Biri var, deyəsən ki, niyə görə Türkiyə NATO üzrə müttəfiqlərini qoyub, Rusiya ilə hərbi sövdələşmə qurur? Biri də var, Türkiyəyə özün bu silhaları satmayasan və üstəlik, durub onu qınayasan ki, bəs sən niyə onu Moskvadan alırsan?
Təəssüf ki, vəziyyət məhz sonuncu, ikinci ccenari üzrə cərəyan edir – özləri silah vermir, başqasından almağa da qoymurlar. Ona görə də belə qəliz vəziyyət yaranıbdır.

Hətta düşünənlər var ki, Vaşinqton sanksiya qərarını Ankaraya görə veribdi. Amma belə deyil. Sem dayının məqsədi bir az fərqlidir. Məsələ bundadır ki, Rusiyanın büdəcəsi əsasən karbo-hidrogenlərin, neftin və qazın ixracından gələn gəlirlər hesabına formalaşır. 

Hərbi–sənaye kompleksi isə demək olar ki, az saylı qeyri - enerji sektorudur ki, həm bir az gəlir gətirir, həm də elmi və texnoloji tutumlu iqtisadiyyat sahələrinin inkişafına yardımçı olur. 

ABŞ da məhz elə bu "kartı” vurmaq istəyir, əsas məqsəd də odur ki, Rusiya texnoloji cəhətdən geri qalsın və onu növbəti dəfə çökdürmək mümkün olsun. Bir də bir dövlətin "soyuq savaş” şəraitində rəqibinin hərbi-sənaye kompleksini hədəfə götürməsində təəccüblü nəsə varmı?..
Üstəlik, Rusiya daim dünya silah bazarındakı yazılmış və yazılmamış qaydaları pozur, kim pul verirsə, ona da silah satır və "izqoy” rejimlərin cəbbəxanasını silahla təmin edir, fərq qoymadan konfliktdə olan tərəfləri silahlandırır, xüsusən də keçmiş sovet məkanındakı separatizm ocaqları üçün silah donoru rolunu oynayır. 

Bunun hamıdan çox acısını çəkənlərdən biri də bizik. Neçə illərdir, biz Rusiyadan silahı valyuta ilə, Ermənistan isə hədiyyə kimi alır. Elə indiyə qədər münaqişənin həll olunmamasının bir səbəbi də budur. 

Güman, qərar Ermənistan üçün də müəyyən çətinliklər yaradacaq, baxmayaraq ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın hərbi müttəfiqidir və əksər hallarda Ermənistan ərazsindəki silahların kimə məxsus olduğunu müəyyən etmək elə də asan olmur. 

Ona görə ki, İrəvan Rusiya bazasına məxsus silahları öz silah-sursatı kimi parada çıxarır, rusların onlara məxsus olduğunu dedikləri "İsgəndər” və ya "Kornet” tipli silahaları öz silahları kimi təqdim edir. O səbəbdən sanksiyalar haqda qərarın İrəvana hansı sürprizlər hazırladığını birmənalı demək çətindir. 

Sadəcə, güman etmək olar ki, İrəvan da ABŞ-ın Rusiya hərbi gücünə qarşı yönəlik təzyiqinin bir hissəsini üzərinə götürməli olacaq. Bizimçün elə bir problem olmamalıdır, çünki Azərbaycanın silah bazarının coğrafi spektri daha genişdir. 

O ki qaldı Türkiyəyə, bütövlükdə Ankara–Moskva münasibətlərinin sıxlaşması Vaşinqtonun ürəyindən deyil. Hərçənd, biz özümüz də bunun böyük perspektivinə inanmırıq, çünki Türkiyə və Rusiya nə qədər biri – birinə yaxınlaşsa da, yenə də mahiyyətcə uzaq ölkələr olaraq qalırlar. 

Həm də başqa detal da var; strateji silahların alış-verişi elədir ki, onu satan ölkə özünü sığortalamağı da unutmur. Ona görə hava hücunundan müdafiə silahlarının Rusiya tərəfindən quraşdırılması bir şeydir, ABŞ və ya digər NATO ölkələri tərəfindən quraşdırılması isə başqa bir şey. 

Amma nə etmək olar? Bu gün NATO– da doğmalar və ögeylər var. Onların tam siyahısını, təsnifatını verə bilmərik, amma bir ögeyin adını çəkmək elə də çətin iş deyil – o, Türkiyədir. Nədən belədir, niyə belədir – səbəbləri bir deyil, iki deyil, lap çoxdur. Bir səbəbi də budur ki, ümumiyyətlə, Türkiyənin NATO üzvü olması birinci "soyuq savaş”ın hədiyyəsi idi...