Siyasət 12:15 15.06.2021

NATO toplantısı, Türkiyəyə verilən önəm və Azərbaycanın qazancı... (ŞƏRH)

"Hesab edirəm ki, NATO toplantısı çox vacib hadisə kimi tarixə düşdü. Uzun müddətdən sonra bəlkə də dünya üçün vacib olan bir toplantı idi”.  

Bunu Qaynarinfo-ya açıqlamasında poltoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşün nəticələrindən danışarkən deyib. Politoloq hesab edir ki, görüşdə Türkiyəinin bu şəkidə iştirak etməsi və ona verilən siyası qiymətlər də çox vacib önəm daşıyır:
 


"Görüşdən sonra müxtəlif bəyanatlar və çıxışlarda belə bir fikir səslənir ki, artıq Türkiyənin dünyada və bölgədəki rolunun qəbul olunması baş verir. Bu rolun artırılması, daha da güclü olması artıq NATO və partnyorlar səviyyəsində qəbul olunub. Bunun təsdiqini biz həm Co Baydenlə, həm də digər liderlərin görüşündə də hiss edirik. Bizim regiona gəldikdə isə zənnimcə, çoxdan gözlənilən bir hadisə baş verib ki, artıq Qərbin maraqlarının bizim bölgədə əsas təminatçısı və bu siyasəti həyata keçirəcək olan ölkə məhz Türkiyə olacaq. Biz görürük ki, həm potsovet məkanında, həm də ona qonşu olan bölgələrdə də Türkiyənin bu və ya digər məsələlərdə əsas rol oynaması qeyd olunub. Türkiyə prezidenti tərəfindən səslənən Qarabağ mövzusuna aid fikirlər də toplantı tərəfindən qəbul olunub. Erməni mövzusuna gəldikdə isə cənab Ərdoğanın mətbuat konfransında söylədiyi fikir çox vacibdir. Orada sual verilib ki, siz Baydenlə görüşəndə soyqırım məsələsi müakirə olunub? Ərdoğan isə cavabında deyib ki, biz bu məsələyə toxunmadıq. Bu onu göstərir ki, bu müvəqqəti səhifə idi. Ona hər iki tərəf heç bir önəm vermək niyyətində deyil. Deyirdilər ki, Amerika Adminstirasiyası bu və ya digər məsələlərdə erməni xalqına dəstək verəcək, amma o ümidlər özünü doğrultmadı. Bu onu göstərir ki, administrasiya seçkilərdən qalan borcunu boş kağızla verib və bununla da səhifəni bağlayıb. Artıq regionda olan reallıqlar və Türkiyənin bu məsələlərdə böyük rolu bu toplantıda qəbul olunub”.
 


Tofiq Zülfüqarov qeyd edib ki, Qərb Türkiyəni dəstəkləyir:

"Qərbin Türkiyəni dəstəkləməsi çox vacibdir. Türkiyə-Rusiya münasibətlərinə də aiddir. Bizim bölgədə əsas oyunçular Rusiya ilə Türkiyədir. Türkiyənin bu tandemdə daha güclü iştirakçı rolu oynaması Azərbaycan üçün xeyirli faktordur”.
 


Bahar Rüstəmli