Amal Abuşov
İdman 13:51 23.01.2022

Nazim, Emil və Mahir haqqında...

Amal Abuşov

"Moskvaya getdim. Birinci məşqdən sonra Oleq Romantsev dedi ki, nə istəyirsən? - Dedim nə etmişəm ki, nə də istəyim. Qalmağa yer və yeməyimi verin, vəssalam. Oynayandan sonra nəyə qadir olaramsa, ona uyğun müqavilə bağlayarıq” – bu sözləri Nazim Süleymanovun müsahibələrinin birindən götürmüşəm. Onun "Neftçi”dən necə küsdürülməsi, Rusiyaya yollanması və orda özünü sübut etməsi çoxlarına örnək olacaq həyat hekayəsidi. Oxumaq, öyrənmək, lap elə öz dilindən də dinləmək lazımdı.

Nazim Süleymanov Şimali Osetiyanın "Şöhrət” ordenli fəxri vətəndaşıdı. Onun 50 illik yubileyinin Vladiqafqazda necə təntənə ilə qeyd olunmasının canlı şahidiyəm. Yerli futbolçular üçün Süleymanovun gəlişi, onun yubileyinin şəhərin mərkəzi stadionunda qeyd edilməsi əməlli-başlı bayram idi. Qonşu şəhərlərdən, hətta Kabardin-Balkar Respublikasından və Soçidən gələnlər bu bayrama əlavə rəng qatırdı. Sevə-sevə "Sulya” adlandırdıqları hücumçunun oyununa heyran olan, onun vurduğu qollara sevinən azarkeşlər azərbaycanlı balasına öz sədaqət borclarını vermək üçün şəhərin mərkəzi stadionunun yolunu tutmuşdular.

Yazının əvvəlində qeyd etdiyim sözlər Nazim Süleymanovun uğur hekayəsinin ən sadə sirridi. Onun məqsədi pul qazanmaq, milyonluq müqavilələr imzalamaq yox, sevdiyi işlə məşğul olmaq idi. Süleymanovdan sonra neçə futbolçunun dilindən "mənə qalmağa yer, yeməyə yemək verin və çıxım futbol oynayım” sözlərini eşitmişik?! Elə bu səbəbdən də deyirəm ki, Nazim bəyin bu sözlərini təkrar-təkrar oxumaq, öyrənmək lazımdı. Onun kimiləri yeniyetmələrlə və gənclərlə tez-tez görüşdürmək, futbol məktəblərində, İdman Akademiyasında mühazirələrə çağırmaq lazımdı. Qoy gənclərimiz bütün iddiaları bir kənara qoyub, futbol oynamağa çalışsınlar, əvvəlcə yaxşı futbolçu olsunlar. Sonrası onsuz da sonranın işidi.

Diqqət yetirin, qış fasiləsində klublarımız bir ucdan əcnəbi qapıçı transfer edir. "Qarabağ”, "Neftçi”, "Sabah”... hamısı "çərçivə”ni xaricdən gələcək etibarlı ələ tapşırmaq arzusundadı. Millimizin dən "1 nömrə”si dağıstanlı Şahruddin Məhəmmədəliyevdi. Nə üçün? Hanı bizim azərbaycanlı balaları? Emil Balayevin səsi bir vaxtlar Almaniyadan gəlirdi. Ondan sonra Qazaxıstanda uğurla çıxış etdi, rekord dalıyca rekord vurdu. Və bir andaca "Tobol”la yollarını ayırdı. Nə varmış ki, Kostanay klubunu çalışdırmağı erməni çalışdırıcıya tapşırdılar. Balayevin gedişindən sonra "Tobol” da yoluna davam etdi, erməni də. Amma Balayev həminki formasını bərpa etməyi, yüksəlişə davam etməyi bacarmadı. "Qarabağ”da da kölgədədi, millidə də. Xaricdə də onun adını çoxdan unudublar.

Bir aydan çoxdu ki, bütün Azərbaycan Mahir Emrelinin ətrafında gedən prosesləri izləyir. Əvvəl həyacanlı və maraqlı idi. Sonra bayağılaşdı, hər şeyin şiti çıxdı. "Legiya” məşqlərə başlayıb, təlim-məşq toplanışına yollanıb. Mahir isə komandasının düşərgəsinə getməyib, özünə türkiyəli vəkil tutub ki, "Legiya”nı günahkar çıxarıb, təzminatsız başqa kluba keçə bilsin. Polşalılar da "bərk qoz”du. Güzəştə getmək, pul xərclədikləri hücumçunu pulsuz buraxmaq fikrində deyillər. Proses uzandıqca Mahirin normal kluba keçəcəyinə, ümumiyyətlə, bundan sonra onunla əcnəbilərin maraqlanacağına ümidimiz azalır. Kim ağrımayan başına dəsmal bağlayacaq, problemli futbolçu üçün "Legiya”ya təzminat ödəyəcək? Heç inanmağım gəlmir.
Deməli, yaxşı futbolçu olmaq üçün istedaddan əlavə yaxşı xarakterin də olmalıdı. Olmadısa, istedad da işə yaramayacaq!