Ölkə 11:22 22.02.2019

Nazim Şərbətov: "Bütün ölkələrdə İctimai TV və Dövlət Televiziyası neqativ ötürməməyə çalışır" (MÜSAHİBƏ)

Nazim Şərbətov 1982-ci ildə Lerik rayonunda anadan olub. Lök-Batan qəsəbəsi Neftçi Qurban adına 288 saylı orta məktəbi bitirib. Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakultəsinin məzunudur. Uzun müddət televiziya kanallarında Videomühəndis, rejissor, bədii rəhbər və digər məsul vəzifələrdə çalışıb. Fəaliyyəti ərzində bir çox televiziya proqramları, mühüm sosial layihələri, o cümlədən "Xocalıya ədalət” aksiyası çərçivəsində film və klipləri ərsəyə gətirib. Eyni zamanda, tanınmış şirkətlərin PR və reklam xarakterli layihələrini həyata keçirib, Gənclərin təşəbbüs qrupu adından "Bizi düşünən biri var” seçki təbliğat proyektinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin "Vətən uzaqda deyil” adlı təqdimat çarxlarının müəllifidi. 

- Niyə TV-dən uzaqlaşmısız?

- TV-dən uzaqlaşmağım düşünülmədən, ani oldu. Mən TV-də çalışa-çalışa Pr-reklam kontent hazırlığı ilə məşğul idim. Tədbirlərin təşkili, reklam hazırlama və yerləşdirmə və s. kimi işlərim olurdu. Böyük bir layihənin reklam PR işində iştirak etmək təklifi gəldi, öncə kənardan kömək edə biləcəyimi düşündüm. Sonradan işdən çıxıb tez-tez toplantılara getdikcə anladım ki, çatdırmıram.  Elə daimi iş yerindən ayrılmaq qərarı verdim.  İndi hamıya işləyirəm:)

- "Hamıya işləmək” son vaxtların trendinə çevrilib ha, ehtiyatlı olun :)

- Mən işləyəndə trend deyildi :)


- Bildiyim qədər bir neçə xarici telekanalda təlim keçmisiz. Diqqətinizi çəkən konsepsiya nə olub? TV medianın təməl prinsipləri nədir orda?
 
- Olduğum bütün kanallar öz konsepti və çizgiləri ilə seçilib. Müəyyən profildə ixtisaslaşmış kanallar hər zaman daha sürətli inkişaf edir, çünki nə edəcəklərini bilirlər. Kadr potensialı, yaradıcı mühit tamam başqa kriteriyalardadır. Məsələn, profi kanallarda diqqətimi çəkən bir nüans oldu, iki düşmən eksperti bir verilişə dəvət etmişdilər, amma ayrı - ayrı studiyalarda oturtmuşdular. Niyə belə etdiklərini soruşdum,  "Bizə oların davası yox, fikirləri daha vacibdir. Bir studiyada bir-birinə zərər yetirirlər” dedilər. Bu, mövzunun necə əhəmiyyətli olduğunu, qalmaqalın isə ikinci planda qaldığını göstərir. Orada hər kəs nə iş görəcəyini yaxşı bilir, planlı çalışır. İnformasiya çatdırmağı düşünür. Həm də 24 saat canlı efirdə, ən son texnologiyaları işlədərək informasiya axınını tamaşaçıya ötürürlər. Bir haşiyəyə çıxım, bütün ölkələrin İctimai TV-ləri və dövlət televiziyaları ölkəsinin maraqlarına xidmət edir. Ölkə vətəndaşına neqativ ötürməməyə çalışır. Kriminalı isə  tematik kanallar var, onlar verir.  Hər mövzuya uyğun telekanal var, tamaşaçı seçimində azaddı.  Bu iki TV-ni çıxmaqla. 

- Televiziya sahəsində islahatların şahidi oluruq. Sizcə, görülməli olan ilk və sonrakı iş nədir? 

- İslahat  hər zaman yaxşıdır, amma bunu planlı və strateji yol xəritəsi quraraq eləmək daha çox uğur gətirir. İslahat və yenilik xətrinə nəsə etmək doğru deyil. "Filankəs bunu elədi, bunu düzəltdi, onu çıxartdı, bunu gətirdi” kimi xəbər başlıqları üçün nəsə eləmək gülməli və qınaq obyektinə çevriləcək nəticələr verə bilər.  Planlı olduğu zaman, analizlər edirsən.  Hansı addımların atılacaq, bunun üçün əlimizdə nələr var, nələr yox, buna görə davranırsan. Uyğun texniki zəmin hazırlayırsan, sonra ekrana hansı  konseptdə, rəngdə çıxacağını müəyyən edirsən -  yəni korporativ brending təyin edirsən ki, hər kəsdən fəqrlənəsən. Dekorların, qrafik dizaynların hamısı bütünlük təşkil etməlidi ki, iş tam olsun. Təbii ki, büdcə və kreativ idarəçi düşüncə  çox vacibdi. 


- Yazı mediasını izləyirsiz? 

- Təbii olaraq izləyirəm. İnformasiya axınında artıq hər kəs müəyyən kanallardan istifadə edir. Mən də həmçinin, güvəndiyim informasiya saytlarının telefon tətbiqlərini belə yükləmişəm. Qəzet də vərəqləyirəm, saytlardan da xəbər alıram. Düzdü, müştərilərimlə bağlı davamlı monitorinq aparıram deyə  medianı izləməli oluram, amma özüm üçün də yazılar oxuyuram. Araşdırma yazıları sevirəm, onları da arada gözüm axtarır. Yazı mediası mənə sosial məzmunlu çarxlar hazırlayanda ilham verir. Hekayələrin çoxunu oradan oxuduqlarımdan yazıb çəkirəm.

- Tele və yazı KİV-ni bir-birindən fərqləndirən əsas cəhət nədir? 

- Televizorun səsini bağlayıb baxsan belə söhbətin nədən getdiyini az - çox görüntü sənə deyir. Verilən informasiya görüntülü təqdim ediləndə daha operativ və peşəkar görünür. Amma yazı və çap mediasında informasiyan maraqlı, gündəm ağırlıqlı olmalıdı. Yazı mediası daha əziyyətlidi, məncə. Copy paste materialları saymasaq

- Bayağı verilişləri cəmiyyətin zövqü ilə əsaslandırırlar. Cəmiyyət nədirsə, mətbuatı da odur deyirlər. Razısızmı? 

- Xeyr, heç vaxt bu fikirlə razı olmamışam. Misal, deyək ki, sosial şəbəkədə bayağı bir mövzu populyarlaşdı, çox baxıldı - filan və gündəm oldu. Verilişin redaktoru həmin mövzunu efirdə işlədi. Normal prosesdir. Bu tip paylaşımlar, bayağı tematikalar lağlağı obyektinə çevrilə bilər və baxış sayı yığar. Bu, uğurlu iş demək deyil və bunu zövqə xitab edir kimi qələmə vermək əsassızdı. Sənə gülüblər, ələ salıblar və bunu çoxluq edib. Əvvəla lağlağı obyektinə çevrilmək professionallıq deyil. İkincisi, bunun harasındadı cəmiyyətin zövqü amili? Və yaxud kiminsə sinir nöqtəsinə toxunmusan, insanlar qəzəblənib, səni söyürlər. Cəmiyyətin zövqünün göstəricisi bu söyüşmədi? Bu tip şeylər həmişə olub, amma efirə çıxarılmayıb. Bir zamanlar redaktorlar efir üçün daha çox araşdırma etməyi sevirdi, bunu öz borcu sayırdı. Hazır materiallara meylli deyildilər. Ona görə də bu tip bayağılıq gözə görünmürdü. Gündəlik efiri doldurmaq asan deyil. Həm də reytinq şirkətlərindən gələn nəticələrlə  bağlı çox detal şəffaf deyil. Uzun müzakirə olunası mövzudu. Cəmiyyətimizə gəlincə, cəmiyyət oxumağı sevir. Şəhərə çıxırsan, gənclərin əlində kitab görürsən, informasiyalı adamların sayı çoxdu. Təbii ki, bu ailədən də qaynaqlanır, valideynlərindən belə görüb onları təkrarlayan gənclər var. Müəyyən kəsim öz təhsil səviyyəsinə görəmi deyim, həyat fəlsəfəsinə görəmi, başqa zövqə sahibdir. Bütün cəmiyyəti zövqsüzlüyün alıcısı hesab etmək doğru deyil.


- Necə başladı çöküşü TV-nin, nəylə başladı? Səbəb nə oldu, sizcə? 

- Çal-çağırla başladı:).  Dedi - qodunun, qeybətin xəbərə çevrilməyi ilə başladı. Qalmaqal, ailə-məişət problemlərinin efirə yol tapması ilə proses sürətləndi. Bu proseslər bütün dövlətlərdə yaşanıb. Amma onlar tez özlərini səhmana sala biliblər, çünki rəqabət reytinqdə yox, həm də keyfiyyətdədi. Sənin efirin daha gözəl, daha keyfiyyətli iş ortaya qoyursa, sənə baxacaqlar. O keyfiyyəti əldə edəndən sonra kontentin keyfiyyətini düşürməyə əlin gəlmir.

- Darıxırsızmı TV üçün? İndi harda çalışırsız? 

- Darıxıram təbii ki... az deyil, 16 ilimi vermişəm. İxtisasım teleradio yayımçılığıdır. TV-dən tam qopmuş sayılmıram. Kanallarda dostlarım var, onlara işlərində kömək edirəm, təzəlikcə bir kanalın yenidən qurulmasında köməyim oldu. Texniki kreativ məsləhətlər verdiyim də olur.
Hal - hazırda həm özəl, həm də dövlət qurumlarının media və tədbir təşkili işlərini görürəm. PR-çı dostlarımın bazarına da girirəm arada. Yollardayam bütün günü:)


- Sizin üçün TV sahəsinin professionalları kimlərdi? 

- Dostlarım:) TV sahəsində savadlı jurnalist, redaktor, rejissor olan dostlarımız var. Hər birinin özünə görə ağırlığı var. Qələmi güclü olan xeyli peşəkar var. Bəziləri küsüb, bəziləri tamam başqa sahədədi, amma var... 

- Çağdaş televiziya necə olmalıdı? Texniki və yaradıcı planka nədir?

- Televiziya özü çağdaşlıq deməkdir. Düzgün strategiya ilə daim yenilənən, müasirləşən bir TV olaraq qalmaq çağdaşlıqdır. Texniki və yaradıcı planka məsələsinə gəldikdə isə, bayaq dediyim kimi, nə etmək istədiyini biləndən sonra ən yüksək həddi özün müəyyən edirsən. Çünki bunun üçün texniki və yaradıcı bazanı formalaşdırırsan.
 
Söhbətləşdi Aysel Əlizadə
 
Mənbə: qadinkimi.com