Video 21:57 29.01.2019

Nazir müavini: "Erməni icması ilə dialoq bərpa olunmalıdır" (VİDEO)

Qarabağın Azərbaycanlı icması erməni icması ilə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazırdır. Bu fikirlər Xarici İşlər Nazirliyində Dağlıq Qarabağın Azərbaycanlı icmasının diplomatik korpusun nümayəndələri ilə görüşündə səsləndirilib. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 1 milyon Azərbaycanlının fundamental hüquqlarını pozan ermənilərin Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquq tələb etməsini qəbuledilməz adlandırıb.

Necə ki, illər öncə Azərbaycanlılar Şuşada qonşuları olan ermənilərlə birgə yaşayıblar bu yenə də mümkündür. Dağlıq Qarabağın azərbaycanlı icması bunun üçün erməni tərəfi ilə dialoq qurmağa hazırdır. Bu fikirlər Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşündə səsləndirilib.

Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Dağlıq Qarabağ bölgəsinin 80.000 nəfərdən çox Azərbaycanlı İcmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb. Daha sonra çıxış edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquq tələb etməsinin qəbuledilməz olduğuna diqqət çəkib.

Hikmət Hacıyev Ermənistan tərəfinin beynəlxalq hüququn tələblərini pozaraq Dağlıq Qarabağda qanunsuz demoqrafik dəyişiklik etməsinin də diqqətdə saxlanmalı olduğunu vurğulayıb.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək Dağlıq Qarabağın erməni icması ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Daha sonra İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olmuş Dürdanə AğayevaSamirə Hüseynova çıxış edərək Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıblar. (Xəzər TV)