Ekonomiks 12:39 17.06.2014

Nazirlikdə maaş qalmaqalı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Baytarlıq Təchizatı Birliyinin (BTB) direktoru Müşfiq Alıyev işçilərin əməkhaqqısını vermir. 

 “Qafqazinfo”ya müraciət edən işçilər bildirib ki, Müşfiq Alıyev 100-ə yaxın işçiyə şəxsən zəng edərək onların 6 aylıq maaşlarının (600 manat) yalnız 300 manatının veriləcəyini bildirib.

İşçilərin sözlərinə görə, onlara 300 manat təklif olunsa da, əməkhaqqısı 600 manat olan sənədə qol çəkmələrini tələb ediblər. Onlar isə saxta sənədə qol çəkməyəcəklərini bəyan ediblər. işçilər qeyd edirlər ki, BTB-nin bank hesabında altı aylıq maaşı ödəmək üçün artıqlaması ilə vəsait olduğu halda niyə işçilərin hüququ tapdanır?

Qeyd edək ki, bir neçə ay əvvəl Baş Prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı məlumat yaymışdı.  Məlumata görə, Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Aparılmış araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əmək haqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat məbləğində hesablanmış əmək haqlarını həmin kartlar vasitəsilə alaraq onlara külli miqdarda ziyan vurmalarında və digər qanun pozuntularına yol vermələrində, həmçinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevin xidmət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin istifadəsi ilə əlaqədar dövlətə 68.0 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğu üzə çıxıb.

Məlumat üçün bildirək ki,  Cavid Hadıyevin keçmiş Kənd təsərrüfatı naziri İsmət Abbasovun qohumu olduğu deyilir.