Ölkə 11:00 25.12.2018

Nazirlikdə yeni Aparat rəhbəri təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən "Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.