Sənət 17:23 22.07.2014

Nazirlikdən xərçəng xəstəsi olan aktrisanın ittihamlarına CAVAB

Nazirlik bundan artıq nə etməlidir ki?”.

Ağır vəziyyətdə olan, Musiqili Teatrın aktrisası Gülnar Salmanovanın ittihamlarına Mədəniyyət və Turizm Nazirliyindən cavab gəlib.

Oxu.Az-ın xəbərinə görə, Qurumun mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva AzNews.az-a açıqlamasında deyib ki, aktrisanın nazirliyi laqeydlikdə suçlamasının heç bir əsası yoxdur:

“Gülnar Salmanovaya kifayət qədər qayğı göstərilir. Bu qayğı birbaşa nazirlik tərəfindən həyata keçirilməsə də, onun çalışdığı teatr ona hər cür diqqət göstərir. Bu da Mədəniyyət və Turizm Nazirliyinin göstərişidir. Mən o hadisədən sonra teatrın direktoru Əliqismət müəllimlə telefonla danışdım. Əliqismət müəllim Gülnar xanımı çox təriflədi. Bildirdi ki, aktrisayla həmişə maraqlanır.

Teatrın rəhbərliyi orada nazirliyin nümayəndəsidir. Bütün teatrlarda belədir, həmişə də belə olacaq. Nazirlik bundan artıq nə etməlidir ki?”.

Musiqili Teatrın aktyoru Novruz Qartal isə bildirib ki, hər həftə yaradıcı kollektiv Gülnar Salmanovaya baş çəkir:

“Teatrın truppa müdiri var, Vidadi. O, bizi hər həftə yığıb Gülnar xanımgilə aparır. Əlimizdən gələn hər cürə dəstəyi ona edirik”.

Qeyd edək ki, Musiqili Teatrın aktrisası Gülnar Salmanova şəkər xəstəliyindən əziyyət çəkir. Bundan başqa, onda onkoloji xəstəlik də aşkar edilib. O, mətbuata açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin onunla maraqlanmadığını dilə gətirib.

Qaynar.info