Ekonomiks 12:30 25.02.2020

Neft Fondunun aktivlərinə təhlükə artır: 5,7 milyardlıq səhmlər risk altında (ŞƏRH)

"Dövlət Neft Fondunun aktivlərinə təhlükələr artır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, 5,7 milyard dollarlıq səhmlər risk altındadır:

"Koronavirusun Çin sərhədlərini aşıb dünyanın 30-dan çox ölkəsinə yayılması səhm bazarlarında təlatümlər yaradıb. Dünən dünyanın aparıcı Dow Jones sənaye indeksi özünün 124 illik tarixində 3-cü ən pis gününü yaşayıb. Bir gündə indeks 1031 xal və ya 3,56 faiz dəyər itirib. Bu təbii ki, digər indekslərə, o sıradan da Dövlət Neft Fonunun (DNF) səhmlərinə də neqativ təsir göstərib. Belə ki, dünən DNF-nin səhmlərinə malik olduğu "Standard and Poor’s 100” indeksi 11.86 xal və ya 3.35, eləcə də "MSCI Europe ex UK” indekis 1.0850 xal və ya 4.11 faiz dəyər itirib. Bununla yanaşı DNF-nin Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə məsuliyyətli cəmiyyətinə olan investisiyalarıına risklər artmaqdadır. Digər tərəfdən DNF-nin 29 621,3 milyon ABŞ dolları borc öhdəlikləri və pul bazarları alətləri ABŞ dolları, avro, ingilis funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb. Bu portfelin avro, ingilis funt sterlinqi, Türkiyə lirəsi və Çin yuanında olan hissəsi də məzənnə fərqinə görə dəyərsizləşir”.

Qubad İbadoğlu qeyd edib ki, DNF-nin strateji altportfelinə daxil olan qızılın qiymətində bahalaşma müşahidə olunur:

"DNF baş verənlərə rəğmən, hərəkətə başlayıb. Hesab edirəm ki, ilk növbədə Brexit və Koronavirusun təsirlərini nəzərə alaraq valyuta portfeli yeniləşdirilməli, xüsusilə də Çin yuanında, Türk lirəsində, Rus rublunda olan aktivlər riskli bazarlardan geri çəkilməli, avronun və ingilis funt sterlinqin yekunda payı aşağı salınmalıdır”.

Bahar Rüstəmli